Niderland Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanıdı

Niderland parlamentinin aşağı palatası Krım tatarlarının 1944-cü ildə Sovet İttifaqı tərəfindən deportasiyasının soyqırım kimi tanınmasını dəstəkləyib. 

Jun 20, 2025 - 15:40
Niderland Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanıdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Niderland parlamentinin aşağı palatasının üzvü və bu təklifin təşəbbüskarı Derk Bosviyk X sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb. 

Parlamentin saytında dərc olunan sənəddə deyilir ki, “müxtəlif ölkələr Krım tatarlarının 1944-cü ildə Sovet İttifaqı tərəfindən kütləvi deportasiyasını soyqırım kimi tanıyıb. Qeyd edilbi ki, Rusiya 2014-cü ildə Krımı işğal edəndən bəri çoxlu Krım tatarları əsassız olaraq həbs edilib, işgəncələrə məruz qalıb və ya itkin düşüb.

“Rusiya, çox güman ki, Krım tatarlarına qarşı soyqırım siyasətini davam etdirib”, - deyə petisiyada qeyd olunub.

Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa “X” sosial şəbəkəsindəki səhifəsində müvafiq qərar qəbul etdiyi üçün Niderlandın Aşağı Palatasına təşəkkür edib. “Bu, Ukrayna Krımının Rusiyanın müvəqqəti işğalından bəri təqiblərə məruz qalan Krım tatar xalqı ilə güclü həmrəylik jestidir. Bu tarixi ədalətsizliyi tanımaq təkcə həqiqətin və ədalətin bərqərar olması üçün deyil, həm də gələcək vəhşiliklərin qarşısının alınması üçün həlledici əhəmiyyət daşıyır”, - deyə Sibiqa əlavə edib. 

Nazir diqqətə çatdırıb ki, Niderland Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanıyan yeddinci ölkədir.

Xatırladaq ki, 1944-cü ilin mayında sovet imperiyasının rəhbəri İosif Stalin bütün Krım tatarlarının Krım ərazisindən qovulması haqqında fərman imzalayıb. Bunun nəticəsində Krımdan 180 mindən çox insan zorla Özbəkistan, Qazaxıstan və Tacikistana köçürülüb. 1990-cı ildən sonra onlar Krıma qayıtmağa başladılar.

Ukrayna Ali Radası 2015-ci il noyabrın 12-də Krım tatarlarının deportasiyasını soyqırım kimi tanıyıb və 18 may tarixini Krım tatar xalqının soyqırımı qurbanlarının Anım Günü kimi təsis edib.

2017-ci ildə Ümumdünya Krım Tatarları Konqresi müxtəlif ölkələrin hökumətlərinə deportasiyanın soyqırım kimi tanınması ilə bağlı müraciət göndərib.

Xatirə SADİQ