Bu ölkə Gürcüstanla ikitərəfli əməkdaşlığı məhdudlaşdırdı
“Böyük Britaniya Gürcüstanla ikitərəfli əməkdaşlığı məhdudlaşdırır. Müvafiq qərarı xarici işlər naziri Devid Lam qəbul edib”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın Gürcüstandakı səfiri Qaret Uord videomüraciətində bildirib.
“Son iki həftə ərzində biz bütün ölkədə gürcü xalqının “Gürcü arzusu”nun qəbul etdiyi qərarlarla, o cümlədən Avro-Atlantika yolundan sapmalarla razılaşmadığını gördük. Polisin və qeyri-rəsmi qrupların etirazçılara, jurnalistlərə və müxalifət nümayəndələrinə qarşı tətbiq etdiyi zorakılıq bizi şoka salır. Xarici işlər nazirimizin qeyd etdiyi kimi, bu zorakılıq qəbuledilməzdir və dayandırılmalıdır. ”, - deyə səfir vurğulayıb.
Britaniyalı diplomatın sözlərinə görə, ikitərəfli əməkdaşlığın məhdudlaşdırıılması Gürcüstan hökumətinə proqram dəstəyinin dayandırılması deməkdir. O, nəzərə çatdırıb ki, artıq dövlət aparatının Sülh Fondunun dövlət idarəçiliyinin islahatı üçün maliyyələşdirilməsi, hərbi sahədə əməkdaşlıq məhdudlaşdırılacaq.
“Biz artıq Gürcüstan Müdafiə Nazirliyinə kibertəhlükəsizlik mərkəzinin tikintisində kömək etməyəcəyik. Siyasi görüşləri və ünsiyyəti də məhdudlaşdıracağıq. Bu vəziyyətdə biz “Wardrop”un strateji dialoqunu bərpa edə bilmərik”, - deyə diplomat söyləyib.
Aksiyalar zamanı 400-dən çox adam saxlanıldığını və onların əksəriyyətinin fiziki zorakılığa məruz qaldığını xatırladan səfir bildirib ki, polisin həddindən artıq güc tətbiqi ilə bağlı dərhal və müstəqil araşdırma aparılmalıdır: “Məsuliyyətə cəlb olunmaq böyük əhəmiyyət daşıyır”.
Diplomat “Gürcü Arzusu” rəhbərliyini 20 ildən artıq Gürcüstanın suverenliyinin Rusiyanın təzyiqindən qoruyan Qərb tərəfdaşlarını dinləməyə çağırıb: “Biz əminik ki, Gürcüstan uğurlu çoxpartiyalı demokratik ölkələrdən birinə çevrilə bilər. Başqa seçim – avtokratiyadır. Biz gürcü demokratiyasına inanırıq”.
Xatirə SADİQ