"Bu, xəyanətdir, biz gürcülərin yanındayıq" - Aİ nazirləri

Avropa İttifaqı (Aİ) nazirləri Gürcüstandakı mövcud vəziyyətdən dərin narahatlıqlarını bildirərək qanun pozuntuları ilə bağlı şikayətlərin qərəzsiz araşdırılmasını tələb ediblər.

Oct 29, 2024 - 10:55
"Bu, xəyanətdir, biz gürcülərin yanındayıq" - Aİ nazirləri

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Aİ nazirlərinin Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı birgə bəyanatında deyilir.

Beynəlxalq müşahidəçilərin seçki kampaniyası zamanı, eləcə də səsvermə günü pozuntular barədə məlumat verdiyini qeyd edən nazirlər azad və ədalətli seçkilər üçün beynəlxalq standartların bütün pozuntularını pislədiklərini, müşahidəçilərin narahatlıqlarını bölüşdüklərini bəyan ediblər.

“Biz bu çətin zamanda gürcülərin yanındayıq”,- deyə bəyanatda vurğulanıb. 

Aİ nazirləri qeyd ediblər ki, etirazların və xüsusən də hakimiyyətin onlara reaksiyasının dinc olması vacibdir.

“Seçki dürüstlüyünün pozulması Aİ üzvlüyünə namizəddən gözlənilən standartlara uyğun gəlmir. Bu, gürcü xalqının qanuni Avropa səylərinə xəyanətdir. Qanunun aliliyinin, azad və ədalətli seçkilərin qorunması Gürcüstanın Aİ yolunda istənilən irəliləyişinin ayrılmaz tərkib hissəsidir”.

Nazirlər həmçinin Macarıstanın baş naziri Viktor Orbanın Gürcüstana vaxtından əvvəl səfərini də tənqid ediblər: “O, Aİ adından danışmır”.

Birgə bəyanatı Çexiya, Danimarka, Almaniya, Estoniya, Finlandiya, Fransa, İrlandiya, Litva, Niderland, Lüksemburq, Polşa, İsveç nazirləri imzalayıb.

Xatirə SADİQ