“Buxarest iki məsələdə tərəddüdsüz olub” - Rumıniyanın baş naziri
NATO müttəfiqlərinə F-35 qırıcıları üçün Rumıniyadakı hərbi bazaların verilməsi bu ölkənin Ukraynada davamlı sülhün əldə edilməsi səylərinə töhfəsi ola bilər.
SAVASHMEDİA.az Agerpres portalına istinadən xəbər verir ki, bunu Rumıniyanın baş naziri İliye Bolojan deyib.
Ukraynanın təhlükəsizlik təminatlarının bir hissəsi olaraq ABŞ-dən Rumıniyaya F-35 qırıcıları göndərilməsini xahiş edən Avropa liderləri ilə bağlı hökumətin mövqeyini şərh edən baş nazir qeyd edib ki, Ukraynada davamlı sülhün bərqərar olması üçün təhlükəsizlik təminatlarının dəstəklənməsi məsələsi qaldırıldıqdan sonra bütün aylar ərzində Buxarest “ən azı iki məsələdə” tərəddüdsüz olub.
Onun sözlərinə görə, bunlardan birincisi odur ki, ölkə Ukraynaya qoşun göndərməyəcək. Müttəfiqlərlə müzakirələrdə ikinci məsələ isə Rumıniyanın NATO-ya üzvlüyünü nəzərə alaraq, ölkənin hərbi bazalarının NATO qoşunlarının, Amerika Birləşmiş Ştatlarının qoşunlarının və digər müttəfiqlərin istifadəsi üçün əlçatan olmasıdır.
“Hətta bu gün də hava limanlarımızdan hava patrulları həyata keçirilir, Qara dənizdəki vəziyyətin monitorinqi üçün havanın mühafizəsi aparılır, birgə hərbi təlimlər təşkil olunur. Ona görə də bu, belə demək mümkünsə, NATO üzrə müttəfiqlərimizə hərbi bazalarımızı təqdim etmək Rumıniyanın Ukraynada uzunmüddətli sülhə dəstəyin təmin edilməsinə töhfəsi ola bilər”, - deyə Bolojan vurğulayıb.
Xatirə SADİQ