Vaşinqton bu kəşfiyyat məlumatlarının müttəfiqlərinə ötürülməsini dayandırdı
ABŞ milli kəşfiyyatının direktoru Tulsi Qabbard Ukrayna və Rusiya arasında aparılan danışıqlara dair kəşfiyyat məlumatlarının yaxın müttəfiqləri ilə də paylaşılmasını qadağan edən göstəriş verib.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə CBS telekanalı Amerika xüsusi xidmət əməkdaşlarına istinadən məlumat yayıb.
Nəşr yazır ki, Qabbardın yerli kəşfiyyat icmasına verdiyi göstərişə əsasən, məlumat hətta ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın daxil olduğu “Five Eyes” (“Beş Göz”) kəşfiyyat xidmətləri ilə də paylaşılmamalıdır. “Five Eyes” II Dünya müharibəsindən sonra yaradılmış kəşfiyyat alyansıdır.
Mənbələrin sözlərinə görə, direktivdə danışıqlarla bağlı bütün məlumat və təhlillər “NOFORN” (“no foreign dissemination” – “xaricilər üçün deyil” deməkdir) kimi təsnif edilir. Bu o deməkdir ki, onu başqa ölkələrə və ya xarici vətəndaşlara yaymaq olmaz. Yeganə istisna ictimaiyyətə açıqlanmış məlumatlardır.
Maraqlıdır ki, bu əmr ABŞ-nin müdafiə səylərini dəstəkləmək üçün Ukrayna hərbçiləri ilə bölüşdüyü təfərrüatlar kimi danışıqlar prosesinə aidiyyatı olmayan digər kanallar və ya hərbi kəşfiyyat vasitəsilə əldə edilən diplomatik məlumatların paylaşılmasını qadağan etmir.
“Bütövlükdə “Beş Göz” tərəfdaşlığının dəyəri ondan ibarətdir ki, siyasi qərarlar qəbul edilərkən biz bir-birimizin kəşfiyyat məlumatlarını tamamlayırıq, deməli düşmənlərimizin planlarını, niyyətlərini və imkanlarını daha yaxşı başa düşürük. Məsələ ondadır ki, əks tərəfdə ümumi düşmən yerləşəndə biz digər dörd ölkə ilə masanın eyni tərəfində otururuq”, - deyə Mərkəzi Kəşfiyyat İdarəsinin və Daxili Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Stiven Keş izah edib.
Xatirə SADİQ