Çinli yetimin 30 min borcla qurduğu şirkət - Bakıda “uçan BYD”nin uğur hekayəsi + FOTOLAR

Azərbaycanda bu markanın adı “Bolt” sürücülərinin bir neçə gün ara ilə törətdiyi qəzalarla məşhurlaşdı. 

Apr 30, 2025 - 19:24
May 1, 2025 - 12:41
Çinli yetimin 30 min borcla qurduğu şirkət - Bakıda “uçan BYD”nin uğur hekayəsi + FOTOLAR

Günlərlə danışılan, müzakirə olunan “uçan taksi” qəzasının “qəhrəmanlarından” biri də Çin istehsalı, “BYD” markalı avtomobil idi. Mübahisələrin predmetləri müxtəlif olsa da, bəziləri yarızarafat, yarıciddi “BYD”-nin dayanıqlı, bəziləri isə hasarın keyfiyyətsiz olduğunu yazdılar.

SAVASHMEDİA.az oxucularına “uçan BYD”-nin maraqlı və əzmkar quruluş hekayəsini təqdim edir:

Seçilmiş bir yetimin hekayəsi

Vanq Çuanfu (Wang Chuanfu) 1966-cı ildə Çinin kasıb bir kəndində anadan olub. 8 uşaqlı ailənin 7-ci övladı olaraq doğulan Vanq kiçik yaşlarda atasını, qısa müddət sonra isə anasını itirir. Böyük qardaşının himayəsində böyüyür.

Kasıb olsalar da qardaşı onun təhsil alması üçün əlindən gələni edir. Vanq özü istəməsə də qardaşının təkidi ilə universitetə daxil olur. Balı arzusu olan kommunikasiya mühəndisliyinə çatmır, Kimya mühəndisliyi fakültəsinə qəbul olur. Vanq itirdiyini düşünsə də bu fakültə gələcəkdə onun həyatını dəyişir. Magistratura təhsili alarkən batareya istehsalı ilə tanış olur...

İşsizlikdən şirkətə gedən yol

Universiteti bitirdikdən sonra dövlətin istehsala verdiyi dəstək sayəsində Şencendə fəaliyyət göstərən batareya şirkətində menecer işləyir. Burada batareya istehsalına tam olaraq hakim olur. Şirkət iflas etdikdən sonra öz batareyasını hazırlamaq qərarına gəlir.

“BYD”- “dollardan” “xəyallara”

Mobil telefonların satışında artımı gördükdən sonra varlı qohumunu istedadına inandıraraq ondan 30 min dollar (250 min Çin yuanı - red) borc götürür. Məqsədi mobil telefonlar üçün batareya hazırlamaq idi. Nəticədə 10 fevral 1995-ci ildə şirkətini yaradır. Şirkətin adını əvvəlcə yerləşdiyi küçənin adına görə “Yadi Electronics” qoyur.  Sonra adın axtarış sistemlərində əlifba sırasına görə asan çıxması üçün “Biyadi”yə dəyişir. Heç bir mənası olmayan bu ad daha sonra “BYD”yə çevrilir. 1990-ci illərdə mənası “Bring Your Dollars” (Dollarlarını gətir) olan “BYD” 2000-ci illərdə artıq “Build Your Dreams”ə (Xəyallarını inşa et) dəyişir.


Xanımından gələn dəstək

“BYD”nin böyüməsində Vanqın xanımı Stella Linin də böyük rolu olub. Hazırda şirkətin baş direktoru olan Stella Li iqtisadiyyat üzrə təhsil alıb. 1996-cı ildən “BYD”də çalışmağa başlayıb. Stellanın başlarda şirkətə verdiyi ən böyük dəstək ingilis dilini bilməsi olub. Lakin sonradan “BYD”yə dövrün böyük telefon markalarını müştəri kimi cəlb edib. Stellanın sayəsində “Motorolla”, “Nokia”, “Samsung” batareyalarını “BYD”dən almağa başlayıblar. “BYD” hətta “Apple”ın “iPad”ı üçün də batareya istehsal edib.

Batareyadan elektromobilə keçid

Azalan gəlirlər Vanqı batareyadan avtomobil istehsalına keçidə yöləndirdi. 2003-cü ildə iflas etməkdə olan bir avtomobil şirkətini satın aldı. Əvvəlcə benzinlə işləyən ucuz avtomobillər, 2008-ci ildə hibrid, sonra tam olaraq elektromobil istehsalına başladı.

Baffetin investisiyası və yüksələn satışlar

“BYD”nin elektromobil sektorundakı yüksəlişi əfsanəvi investor Varren Baffetin 230 milyon dollarlıq investisiyasından sonra baş tutur. Bununla da Baffetin “Berkshire Hathaway” şirkəti “BYD”nin 9,9 faiz hissəsinin sahibinə çevrilir. “BYD” yatırımdan sonra böyüməyə başlayır. Satış artımları isə 2023-cü ildə tavan olur.

İlon Maskın kinayələri və zaman içində dəyişən ritorikası

“BYD” elektromobil sektoruna keçid etdikdən sonra onu “Tesla”ya rəqib göstərirdilər. Lakin “Tesla”nın sahibi İlon Mask illər öncə qatıldığı bir proqramda “Onların avtomobillərini görmüsünüz? Çox gülüncdürlər, rəqib belə görmürəm deyərək” “BYD”ni lağa qoyur. “BYD” isə Maska cavabını sözlə deyil, bazarlarda və istehsalda verir. Belə ki, Çin markası 2023-cü ildə 3 milyondan çox elektromobil sataraq, 2024-cü ildə isə 4,3 milyon elektromobil istehsal edərək “Tesla”nı geridə qoyur. 

Bu durum İlon Maskın ritorikasını da dəyişir. İllər öncə “BYD”ni rəqib görməyən Mask artıq “tədbir görülməsə, Çinin elektromobil istehsalçıları bizi məhv edəcək” deyərək həyəcan təbili çalır.

Beləliklə, 30 il əvvəl borcla və 20 nəfər işçi ilə qurulan “BYD” bu gün 960 min işçisi və 108 milyard dollarlıq dövriyyəsi ilə böyük bir imperatorluğa çevrilib.

Vəsilə İbrahim