Dövlət Departamentindən Tramp-Putin görüşü ilə bağlı açıqlama
“ABŞ prezidenti Donald Tramp və Kreml lideri Vladimir Putin arasında mümkün görüşə Rusiyaya inam məsələsi kimi yox, təcavüzkar ölkənin hərəkətləri məsələsi kimi baxmaq lazımdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqot brifinqdə deyib.
Tramp-Putin görüşü və ABŞ-nin Kreml liderinə etibar edib-etməməsi ilə bağlı suala Piqot belə cavab verib: “Bu, etibar məsələsi deyil. Bu, hərəkət məsələsidir. Son bir neçə həftə ərzində müşahidə etmişik ki, president Rusiyanın hərəkətlərindən nə qədər məyus olub”.
O, əlavə edib ki, Tramp “yalnız sözləri deyil, hərəkətləri görmək zərurəti haqqında” danışıb. “Ona görə də bu, etibar məsələsi deyil. Sülhün əldə edilməsi və bu müharibənin dayandırılması üçün hərəkət və mümkün olan hər şeyi etmək məsələsidir”, - deyə mətbuat katibinin müavini vurğulayıb.
Piqot diqqətə çatdırıb ki, ABŞ Avropa və Ukraynadakı tərəfdaşları ilə daim təmasdadır.
Eyni zamanda təkrar edib ki, Tramp administrasiyasının son məqsədi “bu münaqişəyə son qoymaq, tərəfləri danışıqlar masasına oturtmaq, atəşkəs və uzunmüddətli sülhə nail olmaqdır”
Xatirə SADİQ