Rusiyanın sıradan çıxardığı “Patriot” radarı Almaniyada bərpa olunub

Almaniya ordusunun mütəxəssisləri Rusiya qoşunlarının bir neçə ay öncə Ukraynada “Patriot” hava hücumundan müdafiə sisteminin MİM-104 radarına vurduğu ciddi ziyanı sürətlə aradan qaldırıblar.  

Aug 8, 2025 - 11:38
Rusiyanın sıradan çıxardığı “Patriot” radarı Almaniyada bərpa olunub

SAVASHMEDİA.az xəbər verir ki, alman general-mayoru Mayk Keller bu barədə “Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, NATO missiyası təkcə silahların verilməsi ilə deyil, həm də onların təmiri ilə məşğuldur.

General diqqətə çatdırıb ki, radar Almaniyaya çatdırıldıqda mütəxəssislər onun tamamilə sıradan çıxdığını və təmir edilə bilməyəcəyini müəyyənləşdiriblər. Onlar radarın yenisi ilə dəyişdirilməsinin bir neçə il çəkəcəyini iddia ediblər və NATO-nun Visbadendəki missiyasının əməkdaşlarına müraciət ediblər.

Almaniya Hərbi Hava Qüvvələrinin (Luftvaffe) mütəxəssisləri həftənin altı günü, gündə 16 saat işləməklə radarın funksionallığını bərpa edə biliblər.

General deyib ki, iyul ayında təmir edilmiş radar Ukraynaya qaytarılıb və ötən həftə onun köməyi ilə ukraynalı hərbçilər qəsbkar Rusiyanın hədəfini vurublar.

Xatirə SADİQ