Dünya çempionu Trampı Ukraynadakı evinə dəvət etdi - “Gəl, gözünlə gör”

Ağır çəkili boks üzrə dünya çempionu Aleksandr Usık Rusiyanın pilotsuz təyyarələrinin və raket zərbələrinin altında sadə ukraynalıların gecə-gündüz nələr çəkdiklərini daha yaxşı anlaması üçün ABŞ prezidenti Donald Trampı Ukraynadakı evinə dəvət edib.

Jun 10, 2025 - 11:28
Dünya çempionu Trampı Ukraynadakı evinə dəvət etdi - “Gəl, gözünlə gör”

SAVASHMEDİA.az xəbər verir ki, ukraynalı idmançı bu dəvəti CNN Sports telekanalına müsahibəsində səsləndirib. 

Amerika prezidentindən Rusiya ilə mübarizəni davam etdirən Ukraynaya kömək istəyən boksçu deyib: “Donald Tramp, lütfən, gözlərini aç, xalqıma kömək et”.

O, qeyd edib ki, Tramp seçkiqabağı vədini yerinə yetirməli və müharibəni bitirməlidir.

“Sözlərinə cavab verməlidir. Dedi ki, bir aya və ya bir günə bu müharibəni dayandıracaq. Öz sözünə əməl etmir. Niyə danışır? Ona evimi təklif edirəm. Qoy, Ukraynaya gəlsin. Evimi və mühafizəçilərimi ona verəcəyəm. Onun təhlükəsizliyini tam təmin edəcəyəm. Bir həftə mənim evimdə yaşasın, görsün, onun üzərindən raketlər necə uçur, Ukraynada insanlar necə yaşayır. Gəlib bir həftə yaşasın, bir gün yox. Gizli gəlsin ki, onun gəldiyini heç kim bilməsin. Burada evləri, yaşayış binalarını bombalayırlar... Onda nə baş verdiyini anlayacaq”, - deyə çempion əlavə edib.

O, izah edib ki, Amerika prezidentinin belə səfərindən Moskva xəbər tutsa, hücumlarını dayandıracaq.

CNN xatırladıb ki, Usıkın evi Kiyevin ətrafında, Buça rayonunun Vorzel qəsəbəsində yerləşir.

Xatirə SADİQ