Dünya liderləri Donald Trampı təbrik edirlər
Donald Trampın seçkilərdə qələbəsi hələ rəsmən açıqlanmasa da, artıq dünya liderləri eks-prezidenti təbrik etməyə başlayıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” yazıb.
NATO-nun baş katibi Mark Rutte “güc vasitəsilə sülhə nail olmaq üçün” Trampla işləməyi səbirsizliklə gözlədiyini “X” sosial şəbəkəsində bildirib.
“Biz getdikcə aqressivləşən Rusiyadan tutmuş terrorizmə və Çinlə strateji rəqabətə, həmçinin Çin, Rusiya, Şimali Koreya və İranın yaxınlaşmasına qədər artan sayda qlobal problemlərlə üzləşirik. NATO daxilində işləmək təcavüzün qarşısını almağa, kollektiv təhlükəsizliyimizi qorumağa və iqtisadiyyatlarımızı dəstəkləməyə kömək edir”, - deyə Rutte əlavə edib
Rutte həmçinin Trampın birinci prezidentliyi dövründə NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa inandırmaq üçün gördüyü işlərə görə tərifləyib. O, qeyd edib ki, NATO-nun 32 müttəfiqinin təxminən üçdə ikisi bu il təşkilatın ən yüksək müdafiə xərcləri səviyyəsinə çatmalıdır.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen təbrikində bildirib ki, Avropa İttifaqı (Aİ) və ABŞ-nin münasibətləri sadə müttəfiqlikdən də artıqdır.
“Donald Trampı ürəkdən təbrik edirəm. Aİ və ABŞ sadə müttəfiqlikdən daha artıqdır. Bizi 800 milyon vətəndaşı birləşdirən xalqlarımız arasında həqiqi tərəfdaşlıq bağlayır. Odur ki, gəlin onlar üçün təmin etməyə davam edəcək güclü transatlantik gündəm üzərində birlikdə işləyək”, - deyə AK prezidenti “X” platformasında yazıb.
Ukrayna prezidenti Vladimir Zelenski təbriklərə qoşularaq “X” platformasında yazıb: “Prezident Trampın qlobal məsələlərə “güc vasitəsilə sülh” yanaşmasına sadiqliyini yüksək qiymətləndirirəm. Məhz bu prinsip Ukraynada ədalətli sülhü həqiqətən də yaxınlaşdıra bilər”.
“Tarixə ən böyük qayıdışınız münasibətilə sizi təbrik edirik! Sizin Ağ Evə tarixi qayıdışınız Amerika üçün yeni səhifə açır və İsrail ilə Amerika arasındakı böyük ittifaqa güclü bağlılığı nümayiş etdirir”, - deyə İsrailin baş naziri Benyamin Netanyahu “X” platformasında yazıb.
Böyük Britaniyanın baş naziri Kir Starmer təbrik məktubunda deyib: “Qarşıdakı illərdə birgə işimizi səbirsizliklə gözləyirəm. Ən yaxın müttəfiqlər olaraq, azadlıq, demokratiya və sahibkarlıq kimi ümumi dəyərlərimizi müdafiə etməkdə çiyin-çiyinə dayanırıq”.
Fransa Prezidenti Emmanuel Makron “X” platformasında yazıb: “Dörd il ərzində etdiyimiz kimi birlikdə işləməyə hazırıq. Sizin və mənim inanclarımla. Hörmət və ambisiya ilə. Daha böyük sülh və firavanlıq naminə”.
“X” platformasındakı paylaşımında İtaliyanın baş naziri Giorgia Meloni ölkəsi ilə ABŞ-nin “sarsılmaz ittifaqı” paylaşdığını bildirib: “Bu, strateji əlaqədir və əminəm ki, biz indi onu daha da gücləndirəcəyik”.
Niderlandın baş naziri Dik Sxof ABŞ-ni ölkəsinin mühüm müttəfiqi adlandırıb: “Mən ABŞ və Niderland üçün ümumi maraq doğuran məsələlərdə yaxından işləməyi səbirsizliklə gözləyirəm”, - deyə “X” platformasında yazıb.
Avstriya kansleri Karl Nehammer təbrikində belə yazıb: “ABŞ Avstriya üçün mühüm strateji tərəfdaşdır. Qlobal çağırışları birlikdə uğurla həll etmək üçün transatlantik əlaqələrimizi genişləndirməyi və gücləndirməyi səbirsizliklə gözləyirik”.
Macarıstanın Baş naziri Viktor Orban “ABŞ-ın siyasi tarixindəki ən mühüm dönüş! Prezident Donaldb Trampı böyük qələbəsi münasibətilə təbrik edirik. Sülh üçün çox zəruri bir qələbə!” təbrikini “X” platformasında paylaşıb.
Polşa prezidenti Anjey Duda, Litva prezidenti Gitanas Nauseda, Latviya prezidenti Edqars Rinkeviç, Çexiyanın Baş naziri Petr Fiala, Rumıniyanın baş naziri Marsel Ciolak, Danimarkanın baş naziri Mette Frederiksen və başqaları da təbriklərə qoşulublar.
Xatirə SADİQ