Donald Tramp Fələstindən başladı
Yeni seçilmiş ABŞ prezidenti Donald Tramp 2017-ci ildən sonra ilk dəfə Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla telefonda danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Nəşr vurğulayıb ki, Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan və Amerika səfirliyini ora köçürdükdən sonra bu siyasətçilər arasında təmaslar dayandırılmışdı.
Fələstinli məmurların sözlərinə görə, telefon danışığı müsbət məcrada keçib. Tramp Qəzza zolağında müharibənin dayandırılmasına kömək etmək arzusunu ifadə edib.
Trampı qələbəsi münasibətilə təbrik edən Abbas regionda sülhə nail olmaq üşün Amerika tərəfi ilə işləməyə hazır olduğunu təsdiqləyib.
“Bloomberg” qeyd edib ki, seçilmiş prezident hələ rəsmi olaraq vəzifəyə başlamaqdan əvvəl ABŞ-nin xarici siyasətini iki əsas istiqamətdə – İsrail və Ukraynada formalaşdırmağa başlayıb.
“Bloomberg”ə mənbə bildirib ki, Trampın hakimiyyətə gəlməsindən ən çox İsrailin baş naziri Benyamin Netanyahu qazanacaq. Çünki Co Bayden Qəzza zolağında hərbi əməliyyatları dayandırmaqda israr etdiyi üçün baş nazirin ABŞ-nin hazırkı prezidenti ilə gərgin münasibəti var.
Mənbənin sözlərinə görə, Tramp artıq açıq şəkildə bəyan edib ki, Tehran nüvə silahına sahib olmaq planlarından əl çəkməsə, İrana zərbə endirərkən, İsrailə daha çox fəaliyyət azadlığı verəcək.
Xatirə SADİQ