Dünya nizamı - olmayan şey

Şübhə etmirəm ki, dünya nizamı haqqında nə vaxtsa, nəsə eşitmisən.

Mar 12, 2025 - 12:12
Dünya nizamı - olmayan şey

Son zamanlar Don Trampın boş vədləri, anlaşılmaz mülahizələri və düşüncəsiz hədələri ilə əlaqədar yeni qaydaların yaradılacağı iddia olunur.

Əgər qayda dedikdə hamı üçün qoyulmuş və hamının riayət etdiyi Dolğun, Məntiqli, Ədalətli normalar başa düşülürsə, gəl şərti şumda kəsək – belə qayda, nizam dünya tarixində heç vaxt olmayıb, yoxdur və gözlənilmir.

Televizorda politoloqlar dünya nizamı barədə danışırdılar. Məşğul olduğumdan, kanalı həmin an dəyişə bilmədim və, təəssüf, deyilənləri bir qədər dinlədim. Sən demə, son dəfə dünya nizamı SSRİ dağılan vaxt müəyyənləşib. Ondan əvvəl isə İkinci Dünya müharibəsi bitərkən Krım və Potsdam danışıqlarında. Yəqin ki, bu minvalla Napoleona, ərəb xəlifəliklərinə, Makedoniyalı balaya və daha dərinə gedib çıxardılar. Amma çatışmadılar: işimi qurtarıb, kanalı dəyişdim.

Güclülər müharibə edir, əraziləri aralarında bölür, iqtisadiyyatları dağıdır, var-dövləti, resursları ələ keçirir, hərəsi öz təsir dairəsinin cizgilərini çəkir, xalqları əsarət altına alırlar – dünya nizamı məhz belə primitiv başa düşülür. Bu, daha çox həbsxana zorakılığını xatırladır: lotu dəstələri toqquşur, korpus, qanad, mərtəbələr onların arasında bölünür, hər dustaq “paxan”a evdən aldığından pay verir, onun tələbi ilə kimisə döyür, bıçaqlayır... Sən mənim kimi həbsdə olmasan da, bunu, belə qaydaları yəqin ki, filmlərdə görmüsən. Buhenvald və Osvensimdə əsirləri krematorilərdə yandırmağın plan və dəqiq qaydaları vardı. Amma bunu “ölüm düşərgəsi nizamı” adlandırmaq heç bir vicdanlı şəxsin ağlına gəlməyib.

Dünya nizamı Vahid, Ümumi, Əhatəli və mütləq Ədalətli olmalıdır. Ümümi sözü hələ ki, yalnız istehlak məsələlərinə aiddir: dünyanın hər yerində yeyir, içir, avtomobil sürür, telefonda danışırlar. Budurmu özünü təbiətin Şahı elan etmiş insanın böyüklüyü?!

İnsanlar, xalqlar və dövlətlər o dərəcədə qaba, kobuddurlar ki, vahid çəki və məsafə ölçüləri barədə indiyədək razılığa gələ bilməyiblər. Avtomobillərin bir qisminin sükanı sağ tərəfdə, digər qismində isə sol tərəfdədir. Yol hərəkəti qaydaları da müxtəlif istiqamətləri nəzərdə tutur. Belə yollarla dünyanın vahid həyat normalarına gedib çıxmaq mümkün deyil.

Xalqları bir-birinə yaxınlaşdırmaq istəyən qüvvə səmimidirsə, ümumi işlək sözlər lüğəti və vahid yazı qaydası yaradar. Hazırda kimisi sağdan sola, başqası soldan sağa, digəri yuxarıdan aşağıya doğru yazır. Kimlərsə heç nə yazmır, sözlərin ifadə edəcəyininin şəklini çəkirlər.

İnşaat işlərində, texnikada, istehsalatda vahid təhlükəsizlik qaydaları, qida məhsullarında eyni sanitariya normaları yoxdur.

Ağlabatan miqrasiya proqramı mövcud deyil. Ailələri 1-2 övladla məhdudlaşan dövlətlər doğum norması haqqında anlayışı olmayan uzaq və kasıb ölkələrdən qaçqın axını qarşısında aciz qalıb. Bu məsələdə liberal siyasətçilər və qeyri-hökumət təşkilatları öz xalqlarına qarşı tarixi cinayətə yol verirlər.

Valideynlərin öz körpəsinin üzünə qonan milçəkləri rədd edə bilmədikləri, təhsili və səhiyyəsi sıfıra bərabər olan xalqlar öz ölkəsində problemləri həll etmək əvəzinə Avropanın, dünyanın inkişaf etmiş dövlətlərinə cumaraq, oranın yüksək həyat səviyyəsini, hüquq müdafiəsini, maliyyə dəstəyini tələb (məhz tələb!) edirlər. Merkellərin açdıqları qapılar və onlarla birlikdə dövlət sərhədləri bağlanmalı, miqrasiya yalnız qəbul edən ölkənin tələbatı əsasında həyata keçirilməlidir.

Yazdıqlarım ilkin və icrası çox sadə sərtlərdir. Əgər bunları da yerinə yetirməyi bacarmırsansa, dünya nizamından niyə dəm vurursan!

Əminəm ki, təkliflərimə baxılmayacaq. “Marmot günü” filminin qəhrəmanı deyir: "Sözümə heç kollim də əməl etmir".

Kolli olmayın, insanlar!

A.ƏZİZ