Əlvida, Kolxozstan! – 12

İvanovkada evdə çəkilən və vodka adlandırılan içki Mendeleyevin vodka üçün müəyyən etdiyi standartın tələbinə cavab vermir – cəmi 30 dərəcədir.

Mar 4, 2025 - 18:20
Əlvida, Kolxozstan! – 12

Lakin alkoqolik buna məhəl qoymur. Təki içsin, ürəyi bulansın, beyni dumanlansın, uzanıb başını quyruğunun dibinə yapışdırsın...

Saçlarım artmışdı, dəlləyim isə Bakıda idi. Bunu dükançıya dedim. Əliylə üzbəüzdəki tikilini göstərdi: “Odur, əmim oğlu dəlləkdir. Cəmi 1 manata qırxır”.

Getdim oraya. Salamlaşıb gözlədim. Yaşlı rus kişi kreslodan qalxdıqda manat ödədi. İş bitəndən və gözləmədiyim halda “Troynoy odekolon”la təhqir olunduqdan sonra soruşdum ki, “Nə qədər?”. Dedi “2 manat”. Məişət evindən çıxan kimi küçəni keçdim və xəbərçilik etdim. Dükançı təəssüflə başını buladı.

Başqa kənddə heç vaxt yaşamamışam, müqayisə edə bilmərəm. Amma bu kənddə elə düşünürlər ki, hər bir bakılının onların ata-babasına borcu var. Bacarsalar, insanın şah damarına kran qoşub, qanını birbaşa içərlər.

İvanovkada rus dili müəlliməsi var(dı). Deyilənə görə, qarımış qız idi. Gülümsəyəndə adam onun üstünə, acıyanda – uzağa qaçmaq istəyirdi. Şəhərdə evimdə rus və dünya ədəbiyyatı nümunələri, nadir lüğətlər var idi. Düşündüm ki, gətirib kitabxanaya deyil, məhz ixtisas müəlliminə hədiyyə etsəm, lap yerinə düşər. Evinə getməkdən çəkindim. Küçədə təsadüfən rastlaşdıq. Salam verib müraciət etdim: “Bağışlayın, sizi bir dəqiqəlik olarmı?”. Qadın ayaq saxlamadı. Yoluna davam edərək yanımdan keçdi. Arxadan bir daha dilləndim: “Müəllimə, sizinləyəm”. O dedi: “Yox!”, sanki əks-səda təkrar etdi “Yox, yox, yox, yox!”. Həmin an başa düsdün onu niyə alan yox(!)dur...

Lakin bu “Salam” mənə baha başa gəldi. Əvvəla, yaman pərt oldum. Sonrası, ətrafa boylandım bilim görən vardımı. Çünki kənardan baxana elə gələ bilərdi ki, müəlliməyə pis təkliflə müraciət etdim, söz atdım, o isə məni rədd etdi.

Dilənmək. O, bilavasitə ehtiyacdan doğmur. Axı sosial qayğının təntənəsi məkanında və zamanında kimin nəyəsə ehtiyacı ola bilər?! Dilənçilik peşədir. Sən səhər yataqdan qalxıb işə, dərsə gedirsən, dilənçi isə müvəkkil ilə razılaşdırılmış konkret “nöqtə”yə. Əgər ali məktəblərə qəbul dövrüdürsə – övladını gözləyən valideynlərin arasına, imtahan sessiyasıdırsa – universitetin qarşısına. Qatar, avtobus sərnişinləri uzaq yola çıxırlarsa – vağzala, perrona. Eləcə də əməliyyat günü xəstəxananın yanına. Əgər konkret yer almayıbsa, küçədə gedə-gedə dilənir.

İvanovkada bir İvan ilk dəfə birbaşa həyətə gəlmişdi. Başqa vaxt kücədə qarşıma çıxıb pul istəyirdi. Arvadı kolxozun bitki yağı sexində işləyir, ərinə içki üçün pul vermirdi. İvan yəqin məni öz ailə üzvü sayır, odur ki, məndən umurdu.

Vodoprovodnaya küçəsində ailəsiz bacı və qardaş yaşayırdılar. Yaşlı adamlar. Nadya dəllallıq edir, ona tapşırılan evlərə müştəri aparır, hansınısa istirahətə gələnlərə kirayə verirdi. Nadyanın elanına internetdə də rast gəlmişdim. Qardaşı isə hərdən bostanda vurnuxur, evin sarımsaq ehtiyatından oğurlayıb, Bakıdan gəlmiş azərbaycanlı qonşuya çox ucuz satırdı. İlk dəfə yolumu kəsib “Day rubl” (məhz rubl!) deyəndə, ciddi surətdə xəbərdarlıq etdim: “Bundan sonra məndən heç vaxt pul istəmə!”. Ya kifayət qədər ciddi alınmadı, ya da spirt zavallının beynini tamam qurutmuşdu – daha 5 dəfə istədi 

“Polşalı” Motyanın anası isə magistral yoldakı dükanın qarşısında durub, Bakı qeydiyyat nömrəsi olan maşınların sürücü və sərnişinlərindən dilənirdi.

Motya adi adam deyildi. Bir faktı mənə danışdıqdan sonra bildim ki, heç adam deyilmiş! Bacısı Ukraynada ailə qurmuşdu. Kiyev yaxınlığında üçmərtəbəli ev tikmişdilər. Təzə maşın aldılar. Üçüncü uşağını doğdu. Elə bu vaxt “qardaş” Rusiya raket, bomba atmağa başladı. Ailə 3 uşağı və 4 çantanı, başlıcası isə başını götürüb Polşaya qaçdı. Motya nə söylədi? Dedi ki, müharibəni başlamaqda Putin düzgün edib.

Motyanı qınamaq olmaz. Azərbaycanda doğulub, boya-başa çatıb, həmişə İvanovkada yaşayıb, hərbi xidməti isə rus ordusunda keçib. Cibində Azərbaycan pasportu və Rusiya hərbi bileti var, ona gözü üstə qaşı olduğunu deyən isə yoxdur.

Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)

A.ƏZİZ