“Əmindim ki, Tramp bu iki adamı səhv salıb” – Kaya Kallas
“Öncə bunu eşidəndə əmin oldum ki, o, səhv edərək iki adamı çaşdırır, çünki Putinin seçkiləri olmayıb, 25 ildir Rusiyada seçkilər yoxdur”.
SAVASHMEDİA.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə ali nümayəndəsi Kaya Kallas amerikalı prezident Donald Trampın ukraynalı həmkarının “diktator” olması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müharibə zamanı seçkilər keçirilmir: “Zelenski lider seçilib, azad və ədalətli seçkilərdə seçilib və əlbəttə, müharibə zamanı seçkilər keçirilə bilməz”.
Kallas xatırladıb ki, bir çox ölkələrin konstitusiyalarında müharibə şəraitində seçkilərin keçirilmədiyi barədə bənd var. Çünki xarici düşmənin olduğu vəziyyətdə bütün güv və qüvvə ona qarşı yönəldilməlidir.
Kallas qeyd edib ki, ABŞ-dən gələn mesajlar orada “Rusiya narrativinin çox güclü olduğundan” xəbər verir.
Kallas qeyd edib ki, Ukraynada istənilən sülh sazişi Aİ və Ukraynanın iştirakı olmadan işləməyəcək. “Bizsiz heç bir razılaşma işləyə bilməz, çünki bu, çox aydındır. Siz Putinlə istədiyinizi müzakirə edə bilərsiniz, amma əgər bu, Avropaya və ya Ukraynaya aiddirsə, Ukrayna və Avropa da bu sazişə razı olmalıdır”, - deyə Kallas vurğulayıb.
Aİ-nin baş diplomatı deyib ki, bunü ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə müzakirə etmək məqsədilə sabah Vaşinqtona səfər edəcək.
Xatirə SADİQ