Kelloq Lukaşenko ilə görüşəcək? - “Reuters”

ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq yaxın günlərdə Belarusa səfər edərək prezident Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır.

Jun 18, 2025 - 11:19
Kelloq Lukaşenko ilə görüşəcək? - “Reuters”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi 4 mənbəyə istinadən məlumat yayıb.

Mənbələrdən ikisinin sözlərinə görə, görüşün dəqiq gündəliyi bəlli deyil. Hərçənd Kelloq özəl söhbətlərində bu səfəri Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün sülh danışıqlarının sürətlənməsinə kömək edə biləcək addım adlandırıb.

Səfərlə bağlı rəsmi məlumat verilməyib. ABŞ Dövlət Departamenti və Belarusun Vaşinqtondakı səfirliyi şərh verməkdən imtina edib. 

Kelloq və Ağ Ev də agentliyin şərh tələblərinə cavab verməyib.

“Reuters” qeyd edib ki, belə səfərlərin planlaşdırılması diqqətli danışıqlar tələb edir, odur ki, onların son anda ləğv edilməsi və ya dəyişdirilməsi mümkündür.

“Kelloq Lukaşenko ilə görüşsə, o, son illərdə avtoritar dövlətə səfər etmiş ən yüksək vəzifəli ABŞ rəsmisi olacaq”, - deyə agentlik əlavə edib. 

Xatirə SADİQ