Ərdoğan Ukrayna müharibəsinin həllinə kömək edə bilər - Donald Tramp

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Rusiyanın Ukraynaya qarşı müharibəsinin nizamlanmasına kömək edə biləcək lider adlandırıb.

Oct 14, 2025 - 12:35
Ərdoğan Ukrayna müharibəsinin həllinə kömək edə bilər - Donald Tramp

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bunu Yaxın Şərqə səfərdən ölkəsinə qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərlə ünsiyyəti zamanı bildirib. 

ABŞ prezidenti digər liderlərin, xüsusən də Türkiyə prezidentinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin həllinə kömək edə biləcəyi ilə bağlı suala “Ərdoğan edə bilər” cavabını verib.

“Putin ona hörmət edir. O, mənim dostumdur”, - deyə Tramp vurğulayıb.

Tramp onu da qeyd edib ki, o, zəiflərlə deyil, yalnız güclülərlə yola gedir, Ərdoğanın da onunla yaxşı rəftar etdiyinə əmindir.

“Bilirsiniz, NATO-nun Ərdoğanla problemləri yarananda, bu isə tez-tez baş verir,  onlar onunla danışmağım üçün mənə zəng edirlər. Və mən heç vaxt onları dərhal həll etməkdə uğursuzluq hiss etməmişəm”, - deyə ABŞ prezidenti əlavə edib.

Xatırladaq ki, Ərdoğan ötən ay Çində Rusiya prezidenti Vladimir Putinlə söhbətindən və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra tərəflərin liderlər səviyyəsində görüşə “hələ hazır olmadığını” bildirdi. 

Xatirə SADİQ