İki Cabir İmanov, ogünkü Azadlıq meydanı və İsa Qəmbərin oğlu - Xatirə Sadiq yazır 

Ötən həftənin ən sarsıdıcı xəbəri, çox güman ki, Azərbaycanın Əməkdar artisti, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun (ŞHK), “Planet Parni iz Baku” teatrının parlaq, əvəzolunmaz aktyoru Cabir İmanovun qəfil ölümü oldu. 

Oct 8, 2025 - 16:45
Oct 8, 2025 - 17:40
İki Cabir İmanov, ogünkü Azadlıq meydanı və İsa Qəmbərin oğlu - Xatirə Sadiq yazır 

Vaxtsız, vədəsiz gələn və ildırım sürəti ilə yayılan ölüm xəbəri cəmiyyətin üzərinə elə ağırlıqla çökdü ki, hətta nəqliyyatda gedişhaqqının qaldırılması xəbəri belə arxa plana keçdi. Həyatın istehzasına baxın, 49 illik ömrünün 16-cı ilindən başlayaraq ŞHK-nın Moskvadakı səhnəsinə çıxaraq müstəqil Azərbaycan dövlətini peşəkarlıqla təmsil edən Cabir İmanov ölümü ilə ayrı-ayrı üzvlərini özünəməxsus tərzdə tənqid etdiyi, satira atəşinə tutduğu hökumətimizin dadına yetişdi…

Amma bu gözlənilməz hadisə cəmiyyəti iki yerə parçaladı. Bir tərəf onun ölümünü mədəniyyətimiz üçün böyük itki hesab etdisə, digər tərəf onu cəllad adlandırdı. Hətta kimlərsə daha irəli gedərək Cabir İmanovun şəxsiyyətin ikiləşməsindən əziyyət çəkdiyini iddia etdi.  

Bir tərəf onu istedadlı olduğu qədər də sadə, mədəni, mehriban, ailəcanlı, yardımsevər şəxs kimi səciyyələndirsə də, digər tərəf onu qəddarlıq baxımından hətta Roma imperatoru əxlaqsız, qatil Neronla müqayisə etdi. Halbuki, bu müqayisə olduqca yersizdir.

Bir tərəf onun ŞHK və “Planet Parni iz Baku” teatrının səhnəciklərində oynadığı parçaları, musiqi müəllifi kimi bəstələdiyi mahnıları, qatıldığı verilişləri, digər tərəf isə 2003-cü il hadisələri zamanı Azadlıq meydanında onun polis əməkdaşı olsa da, mülki geyimdə saxlanılan şəxsə təpik atdığını əks etdirən görüntüləri paylaşdı.

Bir tərəf Cabir İmanov üçün acı göz yaşı tökərkən, Rəbbimizdən rəhmət dilərkən, haqqını halal edərkən, digər tərəf 2003-cü ildə siyasi məhbuslara işgəncə verdiyi üçün “ona rəhmət düşmür” söylədi.
 
Hətta bəzi jurnalistlər (onlara inanmamağa haqqımız yoxdur – red.) xatırlatdılar ki, məlum hadisələrdən sonra Cabir İmanov məhkəmədə ifadə verərkən məhbuslar “bizə ən çox Cabir işgəncə verib” deyə aktyoru günahlandırıblar. Lakin həmin jurnalistlərin “Cabir məhkəmədən qaçdı” versiyası inandırıcı səslənmədi. Elə müxalifətin tanınmış simalarından olan vəkil Osman Kazımovun sosial şəbəkədə paylaşdığı status bunun belə olmadığını göstərdi. “Cabir yalan ifadə verib getdi. Həbsdə olan dostlarımız yalnız onun işgəncə verdiyini təsdiq etdilər. Hətta sual da vermədilər”. 

Bundan başqa, vəkilin sözlərinə görə, Cabir onunla dəhlizdə özəl söhbət zamanı “işgəncədə iştirak etmisənmi?” sualına pörtərək “hə” deyib. Bu məqam isə Cabirin bəzi zalım və qırmızıcasına yalan danışan polislər kimi vicdanını itirmədiyini sübut edir. Elə Osman Kazımov da istisna etmir ki, Cabir sonralar bu hərəkətindən peşman olub və bu arqumentini aktyorun sonradan yaratdığı obrazlar, səhnədən səsləndirdiyi tənqidlərlə izah edib. 
 
Rəhbəri olduğu Real TV-nin hakimiyyətin tənqidçilərinə qarşı “daha sərt” davranacağını 2019-cu ildən bəri vəd edən Mirşahin Ağayev bu duruma dözə bilmədi. Azadlıq meydanında polisə qeyri-qanuni yollarla müqavimət göstərən müxalifət nümayəndələrini “qaragüruh” adlandıraraq həmin vəziyyətdə Cabir İmanovun doğru hərəkət etdiyini bildirdi və ona haqq qazandırdı. 

Əslində isə həm Cabir İmanovun dizi üstə çökdürülmüş insanı təpikləməsi, həm də müxalifət nümayəndələrinin (bəlkə də təxribatçıların – red.) polis avtomobillərinin üzərinə çıxıb, batut kimi hoppanmaları, içərisində sərnişinlərin əyləşdiyi avtobusların şüşələrini daşlarla sındırmaları, insanları maşınlardan, avtobuslardan zorla endirərək mitinqə qoşulmalarını tələb etmələri, polis həmkarlarından ayrı düşmüş asayiş keşikçisini vəhşicəsinə döymələri heç kimə başucalığı gətirə bilməzdi. Bir sözlə, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, pis davranış, işgəncə elementləri insanlığa tamamilə ziddir.  

Mirşahinin fransız polislərinin dinc nümayişçilərlə barbarcasına davranışını göstərib “budur işgəncə” deməsi də heç kimə haqq qazandıra bilməz. Böyüyə, kiçiyə, qadına hörmətin əks olunduğu milli-mənəvi dəyərlərimiz bunu tələb edir. Atalarımızın “yıxılana balta vurmazlar” sözü məhz bunu tələb edir. 

Üzərindən 22 il keçdikdən sonra bir məqam da düşündürücüdür. Deməli, Azadlıq meydanında öz polisimiz tərəfindən dağıdılan həmin insanlar əzab çəkərkən, onların liderinin evində gizlənməsini bir kənara qoyuruq. Məhz onların paytaxt küçələrində xaos yaratmaqla seçilməsinə etiraz etdikləri siyasi lider – Azərbaycan Prezidenti İlham Əliyev - düz 17 il sonra Azərbaycan torpaqlarının erməni-rus işğalından azad edilməsinə başçılıq edən Müzəffər Sərkərdə oldu. 

Ən dəhşətlisi isə odur ki, Azərbaycan övladları 2020–2023-cü illərdə dövlət himnimizdə deyildiyi kimi, ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərkən, qan tökərkən 2003-cü il hadisələrində evində oturmağa üstünlük vermiş İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbər qondarma “erməni soyqırımı” ilə bağlı “anım” paylaşır, “Ermənistan Krallığı – Roma ilə Parfiya arasında – Qədim tarix” adlı sənədli film də çəkirdi. 

Bu, müasir Azərbaycan dövlətinin müstəqilliyi uğrunda siyasi mübarizə aparmış bir atanın və onun arxasınca gedərək küçələrdə polis tərəfindən döyülən, təhqir olunan, məhbəslərə düşən, işgəncəyə məruz qaldıqlarını iddia edən müxalifət nümayəndələrinin əsl faciəsidir. Təsəvvür edirsinizmi, İsa Qənbər hakimiyyətə gəlsəydi, onun oğlu ermənilərin naminə hansı hoqqalardan çıxardı?! Belə naxələf övlad Qarabağın Ermənistana məxsus olduğunu da dilə gətirərdi…            

Cabir İmanov isə son 200 ildən çox müddətdə heç kimin bacarmadığı bir işi – Qarabağın erməni-rus işğalından azad etmiş, müasir müstəqil Azərbaycan dövlətinin suverenliyini, ərazi bütövlüyünü bərqərar etmiş, vətənimizin  şərəfini qorumuş, onun adını əlahəzrət tarixin səhifəsinə qızıl hərflərlə yazdırmış Lideri müdafiə etdiyi üçün indi haqlı hesab oluna bilər. 

Onu da qeyd edək ki, Tahir və Cabir İmanov qardaşları indiyədək verdikləri bütün müsahibələrində babaları, tanınmış bəstəkar Süleyman Ələsgərovun kasıb ailədə böyüdüyündən, uşaqlıqdan zəhmətkeş, mülayim, xeyirxah, mərhəmətli və ailəcanlı insan olduğundan qürurla danışırlar. Övladlarına, nəvələrinə “özünüzü elə aparın ki, ailəmizə, millətimizə söz gəlməsin” nəsihətini tez-tez yada salırlar. Yəqin ki, babası nəvəsinin polis əməkdaşı kimi kimisə incitməsinə heç bir vaxt razı olmazdı…

Amma kim nə deyirsə-desin, Tahir və Cabir İmanov qardaşları çox istedadlıdırlar. Onlar ŞHK-nın milli qanadını təmsil edirdilər. Belə yaradıcı şəxslərin qədrini sağlığında bilmək çox mühümdür. Çünki ssenari müəllifi, rejissor, aktyor olmaq hər insanın işi deyil. 

Üstəlik, iki qardaşın vətənpərvər olduqları da heç bir zaman şübhə doğurmayıb. Hər kəs susanda Tahir İmanov Rusiyanın TNT telekanalında yayımlanan ermənilərə məxsus “Comedy woman” şousunun artistlərinin Bakıya dəvət olunmasına sərt etirazını bildirib və ictimai rəyin köməyi ilə bu yolverilməz hadisənin qarşısını alıb. Həmin hadisə baş verəndə Qarabağ işğal altında idi. 

“Dünyanın dağılmasına 3 saat qalsaydı, nə edərdiniz” sualına Cabir İmanovun “nankor qonşularımıza bomba atardım” deməsi də onun Qarabağın işğal altında olmasına etiraz forması idi.   

Babası bəstəkar, anası musiqi müəllimi olsa da, ilkin musiqi təhsili olmayan Cabir İmanov son illərdə mahnılar bəstələməklə daha da irəli getmişdi.
 
Qorxunc koronavirus pandemiyası dövründə isə onun daha bir qabiliyyəti üzə çıxmışdı. Sən demə, dostlarının sevə-sevə Caba dedikləri aktyor öz evində yaratdığı emalatxanasında həm də çilçıraqlar, güzgülər və başqa akssessuarlar düzəltməklə və onları yaratdığı şirkəti vasitəsilə satdırmaqla məşğul imiş.

Həmin çətin günlərdə Cabir İmanov xalqımızın hər bir fərdini özünü və valideynlərini qorumağa, küçəyə çıxmamağa, özünə məşğuliyyət tapmağa çağırmışdı. “Valideynlərimizi itirməyək” deyən Cabirin ağlına gəlməzdi ki, bir neçə ildən sonra yaşlı valideynləri övlad dağı görəcəklər, Tahir İmanov isə qardaşdan yetim qalacaq. Çox təəssüf!   

Hüquq-mühafizə orqanlarında çalışmasını Cabir “uşaqlıqdan silahdan xoşum gəlirdi və zəifləri müdafiə etmək istəyirdim” səbəbi ilə izah edirdi. Onun hansı “zəifi” müdafiə etdiyini, yəqin ki, hamıdan çox dogma qardaşı Tahir İmanov bilər. Elə dünən Tahir İmanov cəmiyyətə müraciət edərək, tezliklə qardaşı ilə bağlı hədyanlar danışan bəzi jurnalistlərin və xaricdə yaşayan blogerlərin cavabını verəcəyini elan etdi.  

Bəlkə də, Dövlət Təhlükəsizlik Xidməti nəzdindəki Mədəniyyət Mərkəzinə rəhbərlik etdikdən, müxtəlif mahnılar yazandan sonra Cabir İmanov polis əməkdaşı kimi kiməsə əl qaldırmaqdan peşman olubmuş. Onun qardaşı ilə birlikdə dinə gəlməsi də bəlkə, bu mənəvi rahatlığı tapması üçün imiş. Amma onun vətənpərvərliyinə heç bir şübhəmiz yox idi. 
 
2003-cü il hadisələrindən söz düşəndə hər zaman bir qadın tanışımı xatırlayıram. Azadlıq meydanında olaylar yaşanarkən həmin tanışım heç nədən xəbəri olmadan mərkəzi küçədə nəqliyyatın içində imiş. Birdən hansısa cılız gəncin qan-tər içində həmin avtobusa doğru qaçdığını, uzaqdan isə onu bir dəstə polisin təqib etdiyini görür. Onunla bərabər avtobusdan olan digər qadınlarla birlikdə tanışım oğlana avtobusa oturmasını və əynindən gödəkçəsini, başından papağını çıxarıb gizlətməsini məsləhət görür. Polislər avtobusa çatanda iki-üç qadının bir sakit gənclə yanaşı əyləşdiyini görürlər, onu qaçan şəxsə oxşatmırlar və əllərini avtobusa çırparaq çıxıb gedirlər. Beləliklə, bir qrup qadın zəif bir gəncin həyatının qaralmasına yol vermir. Bu, Hollivud filmi deyil… Həmin tanışım mənim üçün mənəviyyat təcəssümüdür.

Ömrün qısa olduğu heç kimə sirr deyil. Əvvəl-axır hər birimiz bu dünyanı tərk edəcəyik. Odur ki, elə yaşayaq ki, sağlığımızda rəhmətimizi qazanaq və bir-birimizə həm yaxşılıq edək, həm də mehriban olaq.

Bu gün ölümündən 8 gün keçən Cabir İmanova isə Allah rəhmət eləsin! Tahir İmanovun bir müsahibədə dediyi kimi, Allah bilərəkdən və ya bilməyərəkdən etdiyi bütün günahlara görə Cabiri bağışlasın!   

Xatirə SADİQ