Üç kimyaçı alim Nobel mükafatı aldı
2025-ci il kimya üzrə Nobel mükafatı üç alimə – Susumu Kitagava (Yaponiya), Riçard Robson (Avstraliya) və Ömər M. Yaqiyə (ABŞ) verilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.
Məlumata görə, alimlər “metal-üzvi çərçivə işlərinə görə” (MOF – metal-organic frameworks) mükafata layiq görülüblər.
Laureatlar qazların və digər kimyəvi maddələrin keçə biləcəyi geniş boşluqlara malik molekulyar strukturlar yaradıblar.
Nobel Komitəsi qeyd edib ki, bu “metal-üzvi çərçivələr səhra havasından su yığmaq, karbon qazını tutmaq, zəhərli qazları saxlamaq və ya kimyəvi reaksiyaları kataliz etmək üçün istifadə edilə bilər”.
Melburn Universitetinin əməkdaşı Riçard Robson tədqiqatlarına hələ 1989-cu ildə başlayıb. O, müsbət yüklü mis ionlarını tetraedral molekulla birləşdirməyə nail olub. Lakin onun yaratdığı strukturlar qeyri-sabit olduğundan tez dağılırdı.
Susumu Kitagava (Kyoto Universiteti) və Berkli Universitetinin professoru Ömər M.Yaqi paralel tədqiqatlarında Robsonun işini daha da inkişaf etdiriblər. Kitagava sübut edib ki, metal-üzvi çərçivələr qıvraq ola bilər, Yaqi isə sabit çərçivə yaratmaq üsulunu tapıb.
Xatirə SADİQ