Türkiyə rus qazının alışını Amerikanın xeyrinə azalda bilər

Türkiyə öz hasilatını artırmaq və ABŞ-dan idxalı artırmaq hesabına 2028-ci ilin sonuna qədər qaz ehtiyacının yarıdan çoxunu ödəyə biləcək. 

Oct 8, 2025 - 17:01
Türkiyə rus qazının alışını Amerikanın xeyrinə azalda bilər

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Agentlik qeyd edir ki, bu dəyişiklik Rusiya və İran tədarükçüləri üçün son böyük Avropa bazarını daraltmaq təhlükəsi yaradır.

“Reuters” diqqətə çatdırır ki, Vaşinqton açıq şəkildə müttəfiqlərinə, o cümlədən Türkiyəyə Moskva və Tehranla enerji əlaqələrini kəsmək üçün təzyiq edir. 

ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də Ağ Evdə keçirdiyi görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Rusiya enerji daşıyıcılarının tədarükünü kəsməyə inandırırdı.

Türkiyənin “mavi axın” və “türk axını” boru kəmərləri ilə hər il 22 milyard m3 qazın tədarükü üçün Rusiya ilə bağladığı uzunmüddətli boru kəməri müqavilələrinin müddəti başa çatmaq üzrədir. İranla 10 milyard m3 qazın nəqlinə dair bağlanmış müqavilənin müddəti isə gələn ilin ortalarında başa çatacaq.

Ekspertlər hesab edirlər ki, Türkiyə bəzi müqavilələri uzadacaq, lakin tədarük müxtəlifliyini artırmaq üçün daha çevik şərtlər və daha kiçik həcmlər əldə edəcək. ABŞ-dən LNG idxalı isə ikiqat artacaq.

Xatirə SADİQ