Ermənistanın ABŞ ilə müqavilə imzalamasına Kremldən reaksiya
“Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalamaq qərarı erməni dostlarımızın tamamilə suveren hüququdur”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Birləşmiş Ştatlar Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb, hətta bunun əksini demək olar. Və məhz bu əksinə hərəkətlər kontekstində Birləşmiş Ştatlar, əlbəttə ki, getdikcə daha çox yeni ölkəni öz kilvaterinə (gəmilərin bir-birinin ardınca getdiyi cərgə – red.) sürükləməyə hər cür cəhd edir”, - deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, Rusiya əsas məsələdən çıxış edir: “Bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, biz bu münasibətlərin qədrini bilirik. Biz onları bundan sonra da daha inkişaf etdirmək niyyətindəyik, xüsusən ona görə ki, ikitərəfli aspektlərlə yanaşı, əlbəttə ki, inteqrasiya prosesləri, o cümlədən Aİİ çərçivəsində qarşılıqlı fəaliyyətimizin aspektləri üçün bu, çox vacibdir. Bütün bunlar birlikdə Ermənistan və onun xalqı üçün əhəmiyyətli dividendlər verən əməkdaşlıqdır”.
Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Vaşinqon və İrəvan yanvarın 14-ü axşam saatlarında müqavilə imzalayacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin yayında prezident Co Baydenə Müstəqillik Günü münasibətilə təbrikində münasibətləri bu səviyyəyə qaldırmağa hazır olmasından danışmışdı.
Xatirə SADİQ