Eston nazir Merkeli ittiham etdi
Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Almaniyanın keçmiş kansleri Angela Merkelin Polşa və Baltikyanı ölkələrlə bağlı son açıqlamalarını sərt tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, eston nazir bu barədə X sosial şəbəkəsində yazıb.
Tsaxkna qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzünə görə Polşa və ya Baltikyanı ölkələrin üzərinə məsuliyyət qoymaq “nəinki yersizdir, həm də sadəcə olaraq düzgün deyil”.
“Əsl səbəb Putinin SSRİ-nin dağılmasını qəbul etmək istəməməsində və keçmişdə açıq xəbərdarlıq işarələrinə məhəl qoymayan Qərbi sakitləşdirməsindədir. Bizim regionda Rusiyanın əsl mahiyyəti kifayət qədər erkən müəyyənləşdirilib”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, Kreml hökmdarı Vladimir Putin 2007-ci ildə Münhendəki çıxışında antiqərb baxışlarını və Sovet İttifaqına nostaljisini açıq şəkildə ifadə etdikdən sonra belə, Qərbdə əksəriyyət xəbərdarlıqlara məhəl qoymayıb.
Tsaxna nəzərə çatdırıb ki, nə 2008-ci ildə Gürcüstanda baş vermiş müharibə, nə də 2014-cü ildə Krımın ilhaqı Qərbin qəti reaksiyasına səbəb olmayıb.
“Əvəzində biz təkrar-təkrar “reset” düyməsinə basmaq cəhdlərini, Rusiya ilə dialoq axtarışı üzrə səyləri və Moskvanın qəddarlığına göz yummağa hazır olmağı gördük”, - deyə o əlavə edib.
Tsaxna vurğulayıb ki, Almaniyada kansler Merkelin rəhbərliyi altında Rusiya ilə iqtisadi əməkdaşlığın dəyərini səhv qiymətləndirilib: “Şadyanalıqla “Şimal axını” qaz kəmərini açmaqla Merkel ölkəsinin Rusiyanın enerji resurslarından asılılığını daha da artırıb”.
Eston nazir bu mənada Buxarest sammitində Ukrayna və Gürcüstana NATO Üzvlük Fəaliyyət Planının verilməsindən imtinaya da işarə edib. O, qeyd edib ki, məhz bu səhvlər Rusiyanı şirnikləndirib və ona 2022-ci ilin əvvəlində Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamaq inamı verib.
“Bu dərslər bizə sadə həqiqəti xatırladır: Rusiya yalnız gücə reaksiya verir. Biz Rusiyanı beynəlxalq səviyyədə təcrid etməyə davam etməli, iqtisadi təzyiqləri artırmalı və Ukraynaya hərbi, siyasi və iqtisadi dəstək verməliyik”, - deyə Tsaxna söyləyib.
Tsaxna onu da qeyd edib ki, indi Avropa düzgün istiqamətdə hərəkət edir, Almaniya isə kansler Fridrix Mertsin rəhbərliyi altında “Ukraynanı dəstəkləmək və özünün müdafiə qabiliyyətini gücləndirmək üçün qətiyyətli addımlar atır”.
Merkel son müsahibəsində 2021-ci ildə Emmanuel Makronla birlikdə Avropa İttifaqı ilə Putin arasında danışıqlar təşkil etmək istədiyini, lakin Baltikyanı ölkələrin və Polşanın buna qarşı çıxdığını bildirib.
O, həmçinin iddia edib ki, COVID-19 pandemiyası Putinin Ukraynanı işğal etmək qərarına təsir edib.
Xatirə SADİQ