Fransanın baş naziri Trampı ittiham etdi - “Fəlakətdir…”

“ABŞ prezidenti Donald Trampın gömrük rüsumlarını kütləvi şəkildə artırması Avropa üçün böyük çətinliklər yaradacaq və dünya iqtisadiyyatı üçün fəlakət olacaq”.

Apr 3, 2025 - 14:12
Fransanın baş naziri Trampı ittiham etdi - “Fəlakətdir…”

SAVASHMEDİA.az BFM-TV-yə istinadən xəbər verir ki, bunu Fransanın baş naziri Fransua Bayru deyib. 

“Bu qərar dünya iqtisadiyyatı üçün fəlakətdir. Bu, Avropa üçün böyük çətinlikdir. Hesab edirəm ki, bu, həm də ABŞ və Amerika vətəndaşları üçün fəlakətdir. Dünyanın əsas bölgələrinin hər birinin özünə qapanacağı və bundan sonra ticarət müharibəsinin qayda olması fikri təhlükə yaradır, təəssüf ki, bu zamanla maddiləşəcək”, - deyə Fransa Senatı kuluarında çıxış edən hökumət başçısı diqqətə çatdırıb.

Baş nazir planetin ən mühüm gücü hesab olunan ABŞ hökumətini bu ticarət müharibəsi ilə müttəfiqlərinə qarşı çıxmaqda və artıq onlarla həmrəy olmamaqda ittiham edib.

“Bu, uzun müddət qurulmasına sərf etdiyimizi, iqtisadiyyatımızı və bütövlükdə Fransa cəmiyyətini şübhə altına alan qeyri-müəyyənlik dövrünü açır”, - deyə Bayru vurğulayıb. 

Məlum olub ki, Fransa prezidenti Emmanuel Makron bu gün Trampın elan etdiyi tariflərdən zərər çəkəcək sahələrin nümayəndələri ilə görüşəcək. 

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Trampın yeni tariflərini “dünya iqtisadiyyatına ciddi zərbə” adlandırıb və Avropa İttifaqının (Aİ) cavab verməyə hazır olduğunu bəyan edib. 

Aİ xarici siyasət idarəsinin ali nümayəndəsi Kaya Kallas bir daha nəzərə çatdırıb ki, ticarət müharibələrində qaliblər olmur və adi istehlakçılar son nəticədə hər şey üçün bədəl ödəyəcəklər.

Xatirə SADİQ