“Geridə qalmış” insan, ya “irəli şığımış” robot? - Əsrin “kəşfi"
Kimdən soruşsan deyər ki, əlbəttə, süni şüura çata bilməzsən.
Tanış tərbiyəli (başqa adamlarla oturub-durmuram) gənc də belə düşünürdü. Deyirdi ki, telefonunda yerləşdirdiyi yeni dostu hər şeyi bilir və bir anda düzgün cavab verir. O, belə düşünürdü, nə qədər ki, mənim kimi geridə qalmamışdı...
Geniş yayılmış fikri əvvəlcə onunla təkzib edirdim ki, kitab rəfimdəki sorğu ədəbiyyatına – ensiklopediya və lüğətlərə – həmişə açıb baxmaq olar, amma smartfonun şarjı bitibsə, internet yoxdursa, aciz qalacaqsan. Təəssüf, ilk cəhddən anlada bilmədim.
Bir dəfə az işlənən sözün mənası lazım idi. Gənc oğlan dostuna müraciət etdi, mən isə izahlı lüğətə əl atdım. Axtardığımı tapdım. Soruşdum:
– “Smart” qardaşın nə deyir?
Gənc çaşqınlıq içində idi. Nəyisə bəhanə gətirdi ki, cavab ala bilmir. Lakin yenə inadından əl çəkmədi. Başa düşdüm ki, zarafatca Çatcipi-pipi adlandırdığım “oğlan”ı kökündən – intellektindən vurmalıyam.
Sorğuya cavab verən süni şüur nəyi bilir? Məsələn, kinofilmlərdə. Əlbəttə, istehsalçını, çəkiliş tarixini, titrlərdə yazılanların vaciblərini, tənqidi məqalələri... Mən isə suallarımı itlərin üzərində qurdum. Bir neçə filmdəki itin adını soruşdum. Sualları “WhatsApp”la gənc dostuma göndərdim. Vaxt keçdi, cavab gəlmədi. Bu, məğlub olduğunun sükutlu etirafı idi.
Bir qədər sonra görüşəndə konkret 2 filmdə itin adını və onun rolunu ifa edən itin adını soruşdum. Hollivud filmlərini seçdim ki, gəncə rahat olsun: həm kino ingiliscədir, həm də onun telefonu həmin dilə bağlıdır.
Smartfondakı “oğlan” həyasızcasına başqa ad dedi. Dostum sevindi. Mən isə dedim ki, elə deyil, cavab budur...
Gənc öz “dost”una müraciət edib, düzgün cavabı yazdı. Səncə ağıllı (smart) bala nə etdi? ÜZR İSTƏDİ.
Bu, mənim kimi geridə qalmış insan şüurunun çox irəliyə cummuş süni şüur üzərində cüzi qələbəsi oldu.
Nəticə: insan öz yerini robota versə, yersiz qalar. Üstəlik, robot azğınlaşaraq onu aldadar.
QEYD: Məqalə yazılarkən heç bir it zərər çəkməyib.
A.ƏZİZ,
həvəskar kinoman və kinoloq