“Gürcüstan kabusunun tanınmaması haqqında Akt”ı təqdim edəcəm - Co Uilson

Yaxın günlərdə ABŞ Konqresində “Gürcü arzusu” hökumətinin tanınmaması ilə bağlı qanunvericilik aktına start veriləcək. 

Dec 29, 2024 - 14:31
“Gürcüstan kabusunun tanınmaması haqqında Akt”ı təqdim edəcəm - Co Uilson

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Co Uilson “X” sosial şəbəkəsində yazıb.

“Gələn həftə mən ABŞ-nin Gürcüstandakı qeyri-qanuni diktatura rejimini tanımasını qadağan edən “Gürcüstan kabusunun tanınmaması haqqında Akt”ı təqdim edəcəyəm”, - deyə Uilson bildirib. 

Onun sözlərinə görə, qanun layihəsində “azad və ədalətli seçkilər keçirilənədək prezident Salome Zurabişvilinin Gürcüstanın yeganə legitim lideri kimi tanınması təklif ediləcək.

Qeyd edək ki, Mixail Kavelaşvilinin bugünkü andiçmə mərasimindən sonra Salome Zurabişvilinin səlahiyyətləri başa çatıb. O, hətta çıxmayacağını dediyi prezident iqamətgahını müxalifətin alqışları altında tərk edib.

Lakin indiyədək Kavelaşvili altıncı prezident seçilməsi münasibətilə ABŞ və Avropa ölkələrinin əksəriyyətindən təbrik almayıb. 

Xatirə SADİQ