Gürcüstan rəsmiləri “Maqnitski Aktı” siyahısına düşə bilər – ABŞ Senatı
ABŞ Senatı Gürcüstanda yaranmış vəziyyətə görə gürcü rəsmilərinin qlobal “Maqnitski Aktı” çərçivəsində sanksiyalar siyahısına əlavə edilməsini istisna etməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu məsələ Senatın Xarici Əlaqələr Komitəsinin “Maqnitski Aktı”nın genişləndirilməsi ilə bağlı dinləmələrinin əsas mövzularından birinə çevrilib.
Komitənin sədri senator Ben Kardin müzakirələri açaraq “Gürcü Arzusu” hökumətini “qeyri-qanuni” və “Rusiyanın marionet hökuməti” adlandırıb. “Ümid edirik ki, Maqnitski sanksiyaları Gürcüstana doğru yolla getməyə kömək edəcək. Bu gün orada baş verənlər – hazırkı hakimiyyətin Gürcüstan xalqına qarşı etdikləri qəbuledilməzdir”, - deyə Kardin bildirib.
Senator Cin Şahin qeyd edib ki, Gürcüstana münasibətdə Senat və Konqresdə ikipartiyalı konsensus mövcuddur və amerikalı qanunvericilər Gürcüstanda insan hüquqlarının kobud şəkildə pozulmasını reaksiyasız qoymayacaq. “Biz hamımız siyasi vəziyyətin pisləşməsini böyük narahatlıqla izləyirik. Son yeddi gün ərzində minlərlə insanın “Gürcü Arzusu”nun Aİ-yə üzvlük danışıqlarını dayandırmaq qərarına etiraz etmək üçün küçələrə çıxdığını izləyirik. İsmarıc göndərmək bizim üçün vacibdir”, - deyə Şahin vurğulayıb.
Dinləmələrdə şahid qismində ABŞ-də “Maqnitski Aktı”nın qəbul edilməsinin təşəbbüskarlarından biri olmuş, Britaniyanın “Hermitage Capital” investisiya fondunun təsisçisi və baş icraçı direktoru Uilyam Brauder çıxış edib. O, “Gürcü Arzusu”nun fəxri sədri, milyarder Bidzina İvanişvilinin Rusiya ilə əlaqələrini xatırladıb.
“İvanişvili pulunu haradan qazanıb? Rusiya. O, Rusiyada necə pul qazandı? Hədsiz dərəcədə korrupsiyalaşmış “Qazprom” və digər dövlət şirkətləri vasitəsilə. Beləliklə, bir neçə milyard qazanandan sonra o, Gürcüstana qayıdır. Ruslar ona necə nəzarət edirlər? Onlar deyirlər ki, siz pulunuzu potensial olaraq şübhəli yolla qazandınız. Biz səndən hər şeyi ala bilərik. Biz sizin əleyhinizə cinayət işi aça bilərik, istənilən hər şeyi edə bilərik... ya da bizə kömək etsəniz heç nə etməyə bilərik. Və o, nə etdi? O, onlara kömək etdi və o vaxtdan da fəal şəkildə kömək edir”, - deyə Brauder söyləyib.
“News Georgia” xəbər verir ki, dinləmələrdən öncə altı senator Gürcüstan prezidenti Salome Zurabişvili ilə telefonda danışıb. Onlar gürcü prezidentinə ikipartiyalı dəstək ifadə ediblər.
Senatorlar vurğulayıblar ki, ABŞ-nin Gürcüstanla bağlı siyasəti yaxın aylarda dəyişməz qalacaq. “Biz Bayden administrasiyasının Gürcüstanın institutlarını sarsıtmaqda və xalqına qarşı zorakılıqda məsul şəxslərə qarşı məqsədli sanksiyalar tətbiq etmək niyyəti barədə bəyanatını alqışlayırıq və bu prosesi sürətləndirmək üçün addımlar atılacağına ümid edirik. Yaxın günlər Gürcüstanın gələcəyi üçün həlledici olacaq və Birləşmiş Ştatlar onun kövrək, lakin inadla müdafiə etdiyi demokratiyanı dəstəkləmək üzrə 32 illik ənənəsini davam etdirməlidir”, - deyə senatorlar nəzərə çatdırıblar.
Xatırladaq ki, noyabrın 28-də baş nazir İrakli Kobaxidzenin ölkənin Aİ-yə üzvlük prosesini faktiki olaraq dörd il müddətinə dayandıracağını bəyan etməsindən sonra minlərlə etirazçı hökumətin istefasını tələb edərək Gürcüstan parlamentinə yürüş edib.
O vaxtdan bəri çevik qüvvət polisi dörd gecə dalbadal gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək etirazçıları dağıdıb. Onlarla jurnalist polisin hücumuna məruz qaldığını bildirib. Etirazlarda saxlanılan 300-ə yaxın adamın əksəriyyəti döyülüb. Gürcüstan Ombudsmanı bildirib ki, həbs olunanların təxminən 80%-i polis tərəfindən zorakılıq və qeyri-insani rəftar barədə məlumat verir.
Noyabrın 30-da ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını elan edib. Dövlət katibi Antoni Blinken bildirib ki, ölkəsi Gürcüstan hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Dekabrın 2-də Estoniya, Latviya və Litva Gürcüstan hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
Dünən isə Ukrayna prezidenti Vladimir Zelenski “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvili, baş nazir İrakli Kobaxidze və daha 17 gürcü rəsmisinə qarşı sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb.
Xatirə SADİQ