“Gürcüstanda etirazların yatırılması qəbuledilməzdir” – Kaya Kallas
Avropa İttifaqının (Aİ) xarici siyasət qurumunun rəhbəri Kaya Kallas bazar günü Gürcüstanda etirazların yatırılmasının qəbuledilməz olduğunu bəyan edib.

SAVASHMEDİA.az bu barədə “Amerikanın səsi”nə istinadən xəbəbr verir.
Avropanın gürcü xalqının yanında olduğunu vurğulayan Kallas “X” sosial şəbəkəsində belə yazıb: “Bu gecə Tbilisidə dinc nümayişçilərin, jurnalistlərin və siyasətçilərin vəhşicəsinə sıxışdırılması qəbuledilməzdir. Gürcüstan namizəd ölkə ilə bağlı heç bir gözləntiyə cavab vermir. Aİ Gürcüstan xalqının azadlıq və demokratiya uğrunda mübarizəsində yanındadır”.
Gürcüstan polisi bazar günü yeni parlament seçkiləri tələbi ilə minlərlə nümayişçinin qısa müddətə magistral yolu bağlamasının qarşısını alıb. Bu zaman hökumət əleyhinə nümayişçilərdən bəziləri saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi bu gün bildirib ki, 31 nəfər inzibatı qaydada saxlanılıb.
Oktyabr ayında keçirilən parlament seçkilərində “Gürcü Arzusu” partiyası qələbə qazandığını elan edəndən bəri ölkədə hər gün kütləvi etirazlar hökm sürür.
Etirazçılar hökuməti demokratik prinsiplərdən imtina etməkdə və Tbilisini Moskvaya yaxınlaşdırmaqda ittiham edirlər.
Müxalifətin yeni parlamentin işində iştirakdan imtina etməsi səbəbindən ölkə görünməmiş konstitusiya böhranı ilə üzləşib.
Xatirə SADİQ