İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti su şirkətləri ilə əlbirdir? - Evlərə niyə "içməməli su" gəlir?

Əhalinin fəaliyyətindən narazı qaldığı strukturlardan biri də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətidir.

Nov 24, 2024 - 22:07
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti su şirkətləri ilə əlbirdir? - Evlərə niyə "içməməli su" gəlir?

Ölkə üzrə 1171065 abunəçini içməli su ilə təmin edən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti son zamanlar ən çox şikayət edilən qurumların başında gəlir.

SAVASHMEDİA.az xatırladır ki, Xidmətin balansında 17265 km uzunluğunda su, 3050 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır. Qurum Bakı şəhəri və Abşeron yarımadasını 5 mənbədən götürülən su ilə təchiz edir. Bunların 2-si Xaçmaz rayonunun, 1-i isə Oğuz rayonunun yeraltı su mənbələridir. Bunlardan başqa Samur çayından qidalanan Ceyranbatan su anbarının ehtiyatlarından və Kür çayının sularından da istifadə olunur. İçməli suyu Bakıya nəql etmək üçün Xaçmazdan 2 ədəd — Şollar və 2-ci Bakı su kəmərləri, Kür və Ceyranbatan təmizləyici qurğularından magistral kəmərlər və Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib. 

İçməli suyun nəqli ilə bağlı da çoxsaylı problemlər mövcud olsa da mövzumuz o deyil. Mövzumuz Bakı və Abşeron yarımadasına nəql edilən içməli suyun əslində içməli olmamasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, adıçəkilən Xidmətin vəzifələrindən biri də nəql edilən suyu istehlakçıya təmizləyici qurğular vasitəsilə arındırdıqdan sonra təqdim etməkdir. Amma real mənzərə necədir?

Sualı cavablandırmaq üçün geniş araşdırmaya ehtiyac yoxdur. Elə yazının oxunmasını yarımçıq saxlayıb evdəki su kranını açmaq kifayətdir ki, evimizə gələn suyun əslində içməli olmadığı qənaətinə gələk. Halbuki, vətəndaş bu keyfiyyətsiz suya görə hər ay ödəniş edir. Son illər isə suya ikili ödəniş etmək zorunda qalmışıq. Söhbət marketlərdən və ya küçələrdə quraşdırılmış aparatlardan evlərə daşınan içməli suya görə edilən ödənişlərdən gedir. Biz bu kimi suların satılmasının əleyhinə deyilik, burada söhbət əhalinin içməli su mənbəyi kimi yalnız xüsusi qablaşdırılmış sulardan və ya aparatlardan asılılığından gedir.  

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yarıtmaz fəaliyyəti elə bir vəziyyət yaradıb ki, indi paytaxtda yaşayan hər bir ailə büdcəsinin müəyyən hissəsini kənardanm su almağa yönəltməyə məcburdur. Evlərə "içməli su" adıyla verilən sulardan isə yalnız digər məqsədlər üçün (yuyunmaq, paltar yumaq və s) istifadə olunur. Belədə isə sual yaranır: bəs ağızdolusu danışılan təmizləyici qurğular niyə suları təmizləmir? 
Ağıla gələn ilk şübhə isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin su satan firmalarla işbirliyində olmasıdır. Su deyib keçməyin, ortada küllü miqdarda böyük pullar dövr edir. Təbii ki, biz yalnız şübhədən danışırıq, amma bu şübhə getdikcə əminliyə çevrilməkdədir. 

Bu baxımdan yalnız bir faktı qeyd edək ki, Bakıda su biznesinin çiçəklənmədiyi illərdə evlərə verilən içməli su bu qədər keyfiyyətsiz deyildi. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin evlərə verdiyi suyun bərbadlaşması ilə su biznesinin çiçəklənməsi arasındakı mütənasiblik bu işin içində bağqa iş olduğu şübhələrini artırmaqdadır.     

Bütün bunlar azmış içməli su satışı ilə məşğul olan şirkətlərin qiymətləri mütəmadi olaraq bahalaşdırması onsuz da acınacaqlı olan vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Problemin həllinin isə çox sadə yolu var - İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

Sonda xatırladaq ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” İdarə Heyətinin sədrliyi müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub. İndiyədək İdarə Heyətinin sədr müavini vəzifəsində olan T.Xəlilov hazırda qurumun sədri səlahiyyətlərini icra edir.

Qeyd ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov sentyabr ayında vəfat edib.

Yağmur