"Keçən həftə böyük qardaşımı itirdim, bu gün isə..." - Mahir Emreli ağladı
Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” klubunun futbolçusu Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edib.
SAVASMEDİA.az xəbər verir ki, 28 yaşlı hücumçu ötən gün II Bundesliqanın XII turunda evdə “Herta Berlin”ə 0:1 hesabı ilə məğlub olduqları oyunda zədələnərək meydanı tərk etməsi barədə yazıb.
“İki aylıq fasilədən sonra yenidən meydanda olmaq inanılmaz bir hiss idi, təəssüf ki, bu uzun çəkmədi. Zədə səbəbindən oyunu tərk etməli oldum və bu, təbii ki, çox ağrılı idi. Son həftələr heç də asan keçmədi – əvvəl oyun təcrübəm az idi, sonra xəstələndim, bir həftə əvvəl isə böyük qardaşımın (dayımoğlu) itkisini çox ağır şəkildə yaşadım.
Bu oyun mənim üçün onunla vidalaşma anı olmalı idi. Təəssüf ki, hər şey başqa cür alındı.
Bəlkə də elə buna görə göz yaşlarımı saxlaya bilmədim. Hiss edirdim ki, hər şey içimdə toplanıb.
Sabah həkim müayinələrindən sonra nə qədər müddət meydandan kənarda qalacağımı daha dəqiq biləcəyəm.
Bütün bunlara baxmayaraq, optimist olaraq qalıram və tezliklə meydanda olmağı ümid edirəm.
Nə inamımı, nə də motivasiyamı itirirəm”, - deyə Emreli bildirib. (teleqraf)