Kelloq Trampın fikrini necə dəyişdirib? – “The Telegraph” açıqladı
Polşanın xarici işlər naziri Radoslav Sikorski telefon danışığında ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloqdan Ukraynaya silah tədarükünün bərpa olunmasını xahiş edib.
SAVASHMEDİA.az bu barədə “The Telegraph” nəşrinə istinadən xəbər verir.
Nəşr yazır ki, bu, iyulun 4-nə keçən gecə Rusiyanın Kiyevi atəşə tutmasından dərhal və ABŞ-nin Kiyevə bəzi silah tədarükünü qəfil dayandırmasından az sonra baş verib. Həmin bombardman zamanı Polşa səfirliyinin Kiyevdəki konsulluq şöbəsi zədələnib.
“Putin sizin sülh səylərinizi ələ salır. Lütfən, Ukraynaya hava hücumundan müdafiə vasitələrinin tədarükünü bərpa edin”, - deyə Sikorski general Kelloqa bildirib.
“The Telegraph” qeyd edir ki, “telefon danışığı zamanı səfirliyin vurulması barədə məlumat general Kelloqda ən çox təsir edib. O, istefada olan üç ulduzlu general kimi bilirdi ki, məhz belə hadisələr müharibənin qızışmasına və yekunda vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxarır”.
Nəşr hesab edir ki, bu, Donald Trampın Ukrayna ilə bağlı mövqeyinin dəyişməsinə səbəb olan ilk hadisə olub. Sikorski ilə söhbət bitəndən dərhal sonra general Kelloq ABŞ prezidentinə zəng edib.
Tramp demək olar ki, dərhal cavab verib. Kelloq onu 4 iyul – Müstəqillik Günü və “daha bir böyük, gözəl qanun layihəsi” münasibətilə təbrik etdikdən sonra Trampla Ukraynanı müzakirə etməyə keçib. General dövlət başçısına Rusiyanın son hücumu və NATO üzvü olan Polşa diplomatik missiyasının necə hücuma məruz qaldığı barədə məlumat verib.
Sonra general bu zəngdən Ukraynaya “Patriot” zenit-raket kompleksinə raketlərin tədarükünün bərpası ilə bağlı razılığa gəlmək üçün istifadə edib.
Nəşr xatırladıb ki, həmin gecə Ukraynaya 11 raket və 539 dronla zərbələr endirilib. Ən önəmlisi odur ki, bu bombardman Vladimir Putin və Trampın telefonla danışmasından bir neçə saat sonra baş verib.
Xatirə SADİQ