“Yaxın gələcəkdə Fələstini tanımaq niyyətində deyilik, amma…” - Almaniya

“Almaniya yaxın gələcəkdə Fələstini dövlət kimi tanımaq niyyətində deyil, amma Almaniyanın prioriteti Yaxın Şərqdə iki dövlətin yaradılması yolu istiqamətində “çoxdan gözlənilən irəliləyiş”ə nail olmaqdır”. 

Jul 25, 2025 - 17:10
“Yaxın gələcəkdə Fələstini tanımaq niyyətində deyilik, amma…” - Almaniya

SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin nümayəndəsi bildirib. 

Onun sözlərinə görə, İsrailin təhlükəsizliyi Almaniya hökuməti üçün böyük əhəmiyyət kəsb edir. “Buna görə də Almaniya hökuməti yaxın gələcəkdə Fələstin dövlətini tanımağı planlaşdırmır”, - deyə o, əlavə edib.

Hökumətin nümayəndəsi qeyd edib ki, Fələstin dövlətinin tanınması iki dövlət prinsipi üzrə nizamlamaya doğru yolda son addımlardan yalnız biri olacaq.

Xatırladaq ki, bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi sentyabrda Fələstin dövlətini tanıyacağını BMT tribunasından bəyan edəcək.
 
Fələstin hakimiyyəti Makronun açıqlamasını alqışlasalar da, İsrailin baş naziri Benyamin Netanyahu bu addımın “terroru mükafatlandıracağını” söyləyib.

ABŞ dövlət katibi Marko Rubio Fransa prezidenti Emmanuel Makronu kəskin tənqid edərək, Vaşinqtonun bu planı qətiyyətlə rədd etdiyini bildirib.

Britaniya naziri Piter Kayl deyib ki, ölkə hökuməti Fələstin dövlətinin tanınmasına köklənib, lakin hələlik konkret vaxt söyləyə bilməz. 

Xatirə SADİQ