Konstitusiya Məhkəməsi prezidentin iddiasına yox dedi – Gürcüstanda
Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin və müxalifətdən olan 30 deputatın parlament seçkilərinin nəticələrinin etibarsız sayılması ilə bağlı iddialarını baxılmaq üçün qəbul etməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Məhkəmənin yekun, apellyasiyaya və ya yenidən baxılmaya məruz qalmayacaq qərarını 9 hakimdən yeddisi dəstəkləyib.
Prezidentin adından iddia noyabrın 19-da Konstitusiya Məhkəməsinə təqdim edilib. Salome Zurabişvili seçkilər zamanı səsvermənin gizliliyi prinsipinin pozulduğunu bəyan edib və nəticələrin konstitusiyaya zidd elan olunmasını tələb edib.
Gürcüstanda 26 oktyabr tarixində keçirilən seçkilərin rəsmi nəticələrinə görə, 2012-ci ildən iqtidarda olan “Gürcü arzusu” partiyası parlamentdəki 150 yerdən 89-nu qazanaraq, hakimiyyətini qoruyub. 4 müxalifət partiyası 5 faizlik baryeri keçsə də, seçkinin nəticələrini tanımaqdan və yeni parlamentdə iştirakdan imtina edib.
Salome Zurabişvili total saxtakarlığın baş verdiyini elan edərək, həmvətənlərini etiraza çağırıb. “Biz Rusiyanın xüsusi əməliyyatının, xalqımıza, ölkəmizə qarşı aparılan hibrid müharibənin şahidi və qurbanı olduq”, - Zurabişvili bildirib.
Xatirə SADİQ