Lyayenlə Tramp arasında telefon danışığı olub
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Trampın iyulun 6-da “konstruktiv söhbət” etdiyi məlum olub.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi bu gün bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) məqsədi iyulun 9-dək Vaşinqtonla ticarət razılaşmasına nail olmaqdır.
“Mən həm də prezident fon der Lyayenlə prezident Tramp arasında telefon danışığını və onların yaxşı danışıq apardıqlarını təsdiqləyə bilərəm”, - sözçü vurğulayıb.
Avropa Komissiyasının nümayəndəsi söhbətin məzmunu və ya müddəti ilə bağlı hər hansı təfərrüatlı məlumat verməkdən imtina edib, lakin Aİ-nin ABŞ ilə razılıq əldə etmək istədiyini vurğulayıb.
“ABŞ ilə razılıq əldə etmək istəyirik. Tariflərdən qaçmaq istəyirik. Biz hesab edirik ki, onlar ziyan vurur. Hamı üçün itki olacaq deyil, qarşılıqlı əlverişli olan nəticələr əldə etmək istəyirik”, - o əlavə edib.
Qeyd edək ki, iyunun 17-də Avropa Komissiyasının sədri Trampla G7 sammiti çərçivəsində görüşdüyünü bildirmişdi. Onun sözlərinə görə, söhbətləri Ukraynadan ticari əlaqələrə qədər bir sıra mühüm məsələləri əhatə edib.
Məlum olduğu kimi, Aİ iyulun 9-dək ABŞ Prezidenti Donald Trampla ticarət sazişi bağlamaq istəyir. Çünki bu, ABŞ-də bütün ixrac məhsullarına tariflərin 50%-ə yüksəlməsindən əvvəl baş verməlidir.
Xatirə SADİQ