Məhkəmə Ərdoğanı təhqir etmiş jurnalistlə bağlı QƏRAR VERDİ
İstanbul məhkəməsi tanınmış jurnalist və televiziya aparıcısı Fatih Altaylının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqir və təhdidlərlə bağlı işi üzrə həbs müddətini uzadıb.
SAVASHMEDİA.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Silivri həbsxanasında keçirilən ilk məhkəmə iclasında çıxış edən Fatih Altaylı deyib ki, ömründə heç kimi təhdid etməyib. “Bu gün prezidentə hədə-qorxu gəlmək ittihamı ilə mühakimə olunmağım məni çox təəccübləndirir və kədərləndirir. Əvvəla, onu deyim ki, 40 ildən artıq peşəkar karyeramda və doğrudan da, bütün həyatımda heç kimi heç vaxt təhdid etməmişəm”, - deyə jurnalist diqqətə çatdırıb.
Jurnalistin ifadəsini dinlədikdən sonra məhkəmə onun həbsdən azad olunması ilə bağlı vəsatətini təmin etməkdən imtina edib və işin baxılmasını noyabrın 26-na qədər ertələyib.
Xatırladaq ki, Fatih Altaylıya qarşı ittihamlar onun iyunun 20-də sosial media hesabında yazdığı şərhlər əsasında qurulub.
İttihama görə, jurnalist prezidentin həyatına qəsd ediləcəyini bildirməklə onu hədələyib.
Qeyd edək ki, Türkiyədə prezidenti təhqir etmək cinayət sayılır. Odur ki, irəli sürülən ittihamlara görə, Altaylını 5 ilə qədər həbs cəzası gözləyir.
Xatirə SADİQ