“Mənim yalnız bir stulum var” – Serbiya prezidenti
“Serbiya Rusiyaya münasibətdə müstəqil siyasət yürüdür, strateji məqsədiniz isə Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv olmaqdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç “BBC” telekanalının “Hardtalk” proqramında deyib.
Aparıcının Rusiyaya qarşı sanksiya tətbiq etməkdən imtina edərək “iki stulda oturmaq” cəhdi ilə bağlı sualına Vuçiç belə cavab verib: “Mənim yalnız bir stulum var. İki stul yoxdur. Və bu o deməkdir ki, biz öz qərarlarımızı veririk. Bu o deməkdir ki, biz lazım gəldikdə Ukraynaya humanitar və maliyyə yardımı məsələsində dəstək vermişik”.
Vuçiç qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Belqradla Moskva arasında ticarət dövriyyəsinin həcmi iki dəfə azalıb. Onun sözlərinə görə, ölkəsi xüsusilə enerji mənbələrinin şaxələndirilməsinə cəhdlər edir, bunun üçün Serbiya ilə Bolqarıstanı birləşdirən qaz interkonnektoru (birləşdirici qaz kəməri) tikilib.
“Buna görə də biz təkcə danışıqlar aparmağa başlamadıq, həm də Azərbaycandan qaz almağa başladıq, lakin biz hələ də əvvəlkitək Rusiyadan böyük həcmdə qaz alırıq", - dövlət başçısı bildirib.
O əlavə edib ki, son iki il yarım ərzində Rusiya prezidenti Vladimir Putinlə bir dəfə telefon danışığı olub və bu II Dünya müharibəsi zamanı Belqradın azad edilməsinin 80 illiyi münasibətilə olub.
Aİ-yə can atmağa gəlincə, Vuçiç 2026-cı ilin sonuna qədər bütün zəruri islahatları həyata keçirəcəyinə söz verib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Serbiya Qərbin sanksiyalarına qoşulmaqdan imtina edib, amma BMT-də Moskvanın təcavüzünü pisləyib.
Xatirə SADİQ