NATO və Aİ-nin Məlumat Mərkəzi bağlanır - Gürcüstanda
NATO və Avropa İttifaqının (Aİ) Gürcüstanda fəaliyyət göstərən İnformasiya Mərkəzi iyulun 1-dən etibarən bağlanacaq.
SAVASHMEDİA.az bu barədə “Exo of Caucasus”a istinadən xəbər verir.
NATO və Aİ Məlumat Mərkəzinin bağlanması barədə ilk olaraq onun bəzi əməkdaşları rəhbərlikdən müvafiq mesajlar aldıqlarını bildirərək sosial mediada paylaşım ediblər.
Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti bu xəbəri “Azadlıq” radiosuna təsdiqləyib. Bildirilib ki, “yenidən təşkil etmə nəticəsində mərkəz nazirliyə birləşdiriləcək”.
Gürcüstan XİN qeyd edib ki, mərkəzin əməkdaşlarına “vəzifələrindən azad olunmaları” barədə bir ay əvvəl məlumat verilib.
NATO və Aİ-nin Gürcüstandakı İnformasiya Mərkəzi əhali arasında “Qərb dəyərləri haqqında məlumatlılığın artırılması, vətəndaş cəmiyyətinin aktivləşdirilməsi və onun bu proseslərə cəlb olunmasının təşviqi” istiqamətində iş aparıb.
Mərkəzin hazırkı direktoru Tamara Tsuleyskiri hakim “Gürcü arzusu” partiyasının deputatı, Futbol Federasiyasının prezidenti Levan Kobiaşvilinin həyat yoldaşıdır.
Xatirə SADİQ