Netanyahu Makrona qəzəbləndi - “Bu, HƏMAS-a mükafat olar”
İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq niyyətini sərt şəkildə pisləyib.
SAVASHMEDIA.az xəbər verir ki, baş nazir bu barədə bəyanatını öz X səhifəsində yerləşdirib.
Netanyahu bildirib ki, Fələstin dövlətinin tanınması HƏMAS-a “mükafat” olacaq və İsrail üçün ekzistensial təhlükəni artıracaq.
“"Belə addım terroru mükafatlandıracaq və Qəzza zolağında baş verdiyi kimi, İranın daha bir marionetini yaratmaq riski yaradır. Bu şərtlər altında Fələstin dövləti dinc qonşu deyil, İsrailin məhvi üçün platsdarm olacaq. Açıq danışaq: fələstinlilər İsraillə yanaşı mövcud olacaq dövlət istəmirlər – onlar İsrailin əvəzinə dövlət istəyirlər”, - deyə Netanyahu vurğulayıb.
ABŞ dövlət katibi Marko Rubio da Fransa prezidentinin sentyabrda Fələstin dövlətini tanımaq istəyini tənqid edib.
Bundan başqa, cümə axşamı Amerika nümayəndə heyəti HƏMAS nümayəndələri ilə danışıqların aparıldığı Qətəri tərk etmək qərarına gəlib.
Xatırladaq ki, hazırda 146 ölkə Fələstin dövlətini tanıyıb. Fransa G7-dən belə addım atan ilk ölkə ola bilər.
Son vaxtlar Avropa ölkələri Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı İsrailə diplomatik təzyiqləri artırır.
Xatirə SADİQ