“Ölkəni avtoritar üsulla idarə etmək istəmirəm" - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsini “avtoritar, diktatorcasına” idarə etmək istəmədiyini bildirib. 

Aug 28, 2025 - 16:33
“Ölkəni avtoritar üsulla idarə etmək istəmirəm" - Lukaşenko

SAVASHMEDİA.az xəbər verir ki, onun sözlərini prezidentin mətbuat xidmətinə yaxın olan “Pool of the First” Telegram kanalı yayıb.

“Ancaq hələlik bu, alınmır”, - deyə Lukaşenko əlavə edib.

Telegram kanalı bildirib ki, president bu sözləri kartofçuluğun inkişafı ilə bağlı keçirilən müşavirədə deyib.

Qeyd edək ki, bir il öncə Belarus prezidenti iddia edirdi ki, respublikada “diktatura yoxdur və ola da bilməz”. 

“Bütün prezidentlik həyatım boyu qorxduğum şey budur”, - deyə Lukaşenko vurğulamışdı. 

Lukaşenkonun avqustun 30-da 71 yaşı tamam olacaq. O, 1994-cü ildən ölkə prezidentidir. Bu, onun həmin vəzifədə ardıcıl olaraq yeddinci müddətidir. 2020-ci il prezident seçkilərinin rəsmi nəticələri açıqlandıqdan sonra Belarusda minlərlə insan etiraz əlaməti olaraq küçələrə axışdı. Amma Mərkəzi Seçki Komissiyası 80,1% səslə Lukaşenkonu qalib elan etdi. Kütləvi nümayişlər etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaya çevrildi. Nəticədə bir neçə nəfər həlak oldu, yaralandı və ya ölkəni tərk etdi. 

Beş il əvvəl Lukaşenko bir daha prezidentliyə namizəd olmayacağını vəd etsə də,  2025-ci ilin əvvəlində başa çatan səsvermədə iştirak etdi. Rəsmi məlumatlara görə, Lukaşenko 86,82% səs toplayıb.

Xatirə SADİQ