Orbanın vetosuna görə Aİ “B planına” keçməlidir - Litva XİN başçısı

Avropa İttifaqı (Aİ) Macarıstanın müqaviməti səbəbindən Ukrayna ilə danışıqların başlanmasının əngəllənməsinin qarşısını almaq üçün tez bir zamanda özünün “B planı”nı işə salmalıdır.

Sep 22, 2025 - 16:54
Orbanın vetosuna görə Aİ “B planına” keçməlidir - Litva XİN başçısı

SAVASHMEDİA.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kayututis Budris “Yevropeyskaya Pravda”ya müsahibəsində deyib. 

“Macarıstanın vetosu şəraitində Ukraynanın Avrointeqrasiyasını sürətləndirmək üçün bir yol varmı” sualına nazir təsdiqləyici cavab verib. O, qeyd edib ki, normal genişlənmə prosesi ölkənin irəliləyişinin onun nailiyyətlərindən asılı olması prinsipinə əsaslanır və bu, indi Macarıstana görə şübhə altına alınır. Halbuki, Ukrayna meyarlara cavab verir, lakin Budapeşt veto hüququ ilə manipulyasiya edir.

“Biz 27 səs almağa can atırıq, lakin hələlik bu, baş verməyib. Biz alternativ həll yolları axtarırıq”, - deyə Budris vurğulayıb.

Macarıstanın vetosunu aradan qaldırmaq üçün “B planı”nın olduğunu təsdiqləyən litvalı nazir bildirib: “Biz girov ola bilmərik (Macarıstanın vetosunun – “YP”) və bizim irəliləmək üçün yollarımız var. Danimarka sədrliyi dövründə belə bizim qeyri-rəsmi mərhələlərə keçmək imkanımız və vaxtımız var, bu, bir az sonra rəsmi olaraq yekunlaşacaq. Hazırkı genişlənmə metodologiyası bu yanaşmaya imkan verir. Bu addımlar Aİ qaydalarına hörmətimizi nümayiş etdirəcək və həmçinin Ukraynada islahatlar prosesini dəstəkləyəcək. Bu, həm də bizə Avropa Komissiyasının səfərbər etdiyi resursları qoruyub saxlamağa və üzv ölkələrin diqqətini saxlamağa imkan verəcək”, - deyə nazir əlavə edib. 

Litva XİN başçısı bildirib ki, Macarıstan hökumətinin vetosunun motivlərini bilmir: “Lakin mən zəif və ya girov mövqeyində olmayacağam. Və bundan qaçmaq üçün bizim həll qərarımız var”.

Budris bildirib ki, üzv ölkələrin bu yolu dəstəkləyəcəyinə nikbin yanaşır. “Söhbət Ukrayna haqqında yeni sözlər və bəyanatların peyda olmasından və əlbəttə ki, “heç nəyə baxmayaraq, nəsə edirik” illüziyası yaratmaqdan getmir. Xeyr! Söhbət Ukraynanın Aİ-yə doğru irəliləməsinin impulsunu saxlamaq haqqında gedir. Söhbət həqiqətən vacib olanı, yəni Ukraynada islahatları davam etdirmək və Aİ-ni genişlənməyə hazırlamaqdan gedir. Qeyri-rəsmi danışıqlar prosesi belə bir mexanizmə çevrilə bilər”.

Budris həmçinin “B Planı”nın 2025-ci ilin payızında işə salına biləcəyi barədə suala da müsbət cavab verib: “Əlbəttə. Hazırda impuls var. Onu təxirə salmaq təhlükəlidir. Mən bunu dəfələrlə görmüşəm. Siyasi fokusu olduğu yerdə saxlamaq çətin məsələdir”. 

Xatirə SADİQ