Özbəkistan prezidenti qızını administrasiya rəhbəri təyin etdi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev prezident administrasiyasının rəhbəri vəzifəsini bərpa edib və bu vəzifəyə böyük qızı, 40 yaşlı Səidəni təyin edib.

Jun 24, 2025 - 13:56
Özbəkistan prezidenti qızını administrasiya rəhbəri təyin etdi

SAVASHMEDİA.az bu barədə “AzadlıqRadiosu”nun özbək xidmətinə istinadən xəbər verir. 

Prezident administrasiyasının rəhbəri vəzifəsi 2023-cü ilin avqustunda Mirziyoyevin fərmanı ilə ləğv edilib. Həmin vaxt ona sonradan prezidentin xüsusi tapşırıqlar üzrə müşaviri təyin edilmiş Sardor Umurzakov rəhbərlik edirdi.

Səidə Mirziyoyeva 2023-cü ilin avqustundan prezidentin köməkçisi vəzifəsini tuturdu. Bundan əvvəl o, Prezident Administrasiyası rəhbərinin müavininin kurasiyasında olan icra aparatının rabitə və informasiya siyasəti sektorunun müdiri vəzifəsində çalışıb.

Özbək politoloqları hesab edirlər ki, Mirziyoyev qonşu Türkmənistandan nümunə götürə bilər. Qurbanqulu Berdiməhəmmədov prezident səlahiyyətlərini oğlu Sərdara ötürüb.

Xatirə SADİQ