Pentaqon İsraili dəstəklədi – Ostin İrana xəbərdarlıq etdi

İsrail ordusu Livanda quru əməliyyatına başlayarkən ABŞ-nin müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla danışıb.

Oct 1, 2024 - 12:11
Pentaqon İsraili dəstəklədi – Ostin İrana xəbərdarlıq etdi

SAVASHMEDİA xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqon rəhbəri ölkəsinin İsrailin özünümüdafiə hüququnu dəstəklədiyini bildirib.

“Biz Livan “Hizbullah”ının İsrailin şimal icmalarına oktyabrın 7-dəkinə bənzər hücumlar həyata keçirə bilməməsini təmin etmək üçün sərhəd boyunca hücum infrastrukturunun sökülməsi zərurəti ilə razılaşdıq”, - deyə Ostin X-də yazıb.

O, həmçinin təsdiqləyib ki, sərhədin hər iki tərəfindəki mülki əhalinin təhlükəsiz şəkildə evlərinə qayıtmasına imkan yaratmaq üçün diplomatik çözümə ehtiyac var. Ostin qeyd edib ki, ölkəsi İran və onun dəstəklədiyi terror təşkilatlarının təhdidlərindən Amerika personalını, tərəfdaşlarını və müttəfiqlərini qorumaq üçün bütün imkanlara malikdir. ABŞ hər hansı tərəfin gərginlikdən istifadə etməsinə və ya münaqişəni genişləndirməsinə yol verməmək üçün qətiyyətli əhval-ruhiyyədədir.

Pentaqonun rəhbəri xəbərdarlıq edib ki, əgər İran İsrailə birbaşa hərbi hücum etmək qərarına gəlsə, bu ölkə üçün ciddi nəticələr olacaq.

Qeyd edək ki, bundan öncə Qərb mediası İsrailin “Hizbullah”ın sərhəddəki infrastrukturunu təmizləmək üçün Livan ərazisinə daxil olmaq niyyətini Amerika Birləşmiş Ştatlarına bildirdiyi barədə xəbər yaymışdı.

Xatirə SADİQ