Peskov Gürcüstandakı aksiyada saxlanılan ruslardan danışdı - "Düzünü desəm..."  

“Gürcüstanda etiraz aksiyaları zamanı rusların saxlanılması barədə Kremldə məlumat yoxdur”.

Dec 2, 2024 - 14:13
Peskov Gürcüstandakı aksiyada saxlanılan ruslardan danışdı - "Düzünü desəm..."  

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Düzünü desəm, bu insanların kim olduğu barədə məlumatımız yoxdur. Amma digər tərəfdən təhlükəsizlik qüvvələrinə hücumda iştirak etməklə ölkənin qanunlarını pozduqları da göz qabağındadır. Gürcüstanda bizim maraqlarımızın müəyyən təmsilçiliyi var. Təmsilçiliyimiz həmin vətəndaşların nədə ittiham olunduğu barədə məlumat əldə etmək üçün əlaqə yarada biləcək. Amma onların kim olduğu barədə məlumatımız yoxdur”, - Peskov bildirib.

Etiraz aksiyalarını “Gürcüstanın sırf daxili işi” adlandıran Kremlin sözçüsünün fikrincə, ortada vəziyyəti laxlatmaq və “narıncı” inqilabı həyata keçirmək cəhdi var.

“Biz bu proseslərə qarışmamışıq və qarışmaq niyyətində deyilik”, - deyə Peskov vurğulayıb.
 
“İmedi” telekanalı noyabrın 30-da xəbər verib ki, Tiflisdəki parlament binası yaxınlığında keçirilən etiraz aksiyaları zamanı azı on nəfər əcnəbi saxlanılıb. Onların səkkiz nəfəri rusdur. Onların adları belədir: Yaroslav Loskot (2000-ci il təvəllüdlü), Vadim Başakin (1999-cu il təvəllüdlü), Mixail Morosin (1998-ci il təvəllüdlü), İvan Pilyakin (1994-cü il təvəllüdlü), İqnat Kovalev (1992-ci il təvəllüdlü), Maksim Mostovoy (1987-ci il təvəllüdlü), Sergey Paşenko (1979-cu il təvəllüdlü) və Valeri Boqomolov (1969-cu il təvəllüdlü). 

Xatirə SADİQ