Hicabla bağlı etiraz çağırışı edənlərə XƏBƏRDARLIQ - “Cəzası var”

Hüquqşünas Müşfiq Abbasov məktəblərdə vahid geyim formasının tətbiqini gərginliyə çevirmək istəyənlərlə bağlı paylaşım edib.

Oct 11, 2026 - 18:31
Hicabla bağlı etiraz çağırışı edənlərə XƏBƏRDARLIQ - “Cəzası var”

SAVASHMEDİA.az Müşfiq Abbasovun sözügedən paylaşımını olduğu təqdim edir.

"Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə qərarlarından Konstitusiya Məhkəməsinə müraciət edə bilər.

Əgər kimsə hesab edirsə, Nazirlər Kabinetinin məktəblərdə vahid geyim forması ilə bağlı verdiyi qərar Azərbaycan Respublikasının Konstitusiyasına ziddir, buyursun, bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət etsin. Bu, onun hüququdur.

Etiraz etmək insanların haqqıdır. Amma bunun üçün müvafiq icra hakimiyyətinə rəsmi məlumat verilməlidir. Kortəbii şəkildə insanları küçələrə çağırmaq qanunsuzdur və buna görə cəzalar nəzərdə tutulub.

Kiminsə məqsədi doğrudan da hicabdırsa, buyurub hüquqi yolla mübarizə aparsın. Özünə hüquqşünas deyən və Nazirlər Kabinetinin qərarının Konstitusiyaya zidd olduğunu iddia edən bir qrup insan isə kütləyə yanlış yol göstərməkdənsə, öz bilik və bacarığını məhkəmə yolu ilə sübut etsin.

Görünür ki, müəyyən qüvvələrin məqsədi doğrudan da Azərbaycan dövlətini zəiflətmək, xalqın birliyini pozmaq və araya nifaq salmaqdır.

Bu həssas mövzuda hər kəsi qanuna əməl etməyə çağırıram".