Polyak nazirdən Trampın Putinlə söhbətinə reaksiya 

“ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefon danışığı narahatlığa səbəb ola biləcək siqnaldır”.

Feb 13, 2025 - 17:43
Polyak nazirdən Trampın Putinlə söhbətinə reaksiya 

SAVASHMEDIA.az xəbər verir ki, bunu Polşanın Avropa İttifaqı (Aİ) məsələləri üzrə naziri Adam Şlapka TVN24 telekanalının efirində deyib. 

Onun sözlərinə görə, Trampın Putinlə təkcə Rusiyanın Ukraynaya qarşı müharibəsi barədə danışmaması, ən azı, qəribə görünür.

“Süni intellekt haqqında danışmaq və beyində Buçadan təsviri saxlamaq – bundan tüklər biz-biz durar. Amma həyəcan siqnalı eşitməyimiz bizi qorxutmamalı, bizi yalnız fəaliyyətə səfərbər etməlidir”, - deyə Şlapka vurğulayıb.

Nazirin sözlərinə görə, Ukrayna, ABŞ və Avropa üçün məqsədin sülh olduğu aydındır: “Yalnız bizim maraqlarımıza cavab verən, ədalətli və uzunmüddətli sülh olmalıdır”.

O, həmçinin əmindir ki, danışıqlar həm ABŞ, həm də Avropa tərəfindən birgə aparılmalı və Ukrayna da bu danışıqlarda iştirak etməlidir. 

“Biz dərk etməliyik ki, gələcək haqqında yalnız müsbət düşünülən zamanlar... geridə qalıb. Biz, həqiqətən, gələcəyin necə görünəcəyinə çox məsuliyyətli yanaşmalıyıq. Və həqiqətən də öz təhlükəsizliyimizə sərmayə qoymalıyıq. Və biz, həqiqətən, Avropa birliyinə sərmayə qoymalıyıq. Çünki Polşanın, bütövlükdə ayrı-ayrı Avropa ölkələrinin təhlükəsizliyinə ən böyük təhdid “güclülərin konserti”nə qayıdışdır”, - deyə nazir vurğulayıb.

Şlapka əlavə edib ki, Trampın Putinlə son söhbəti ona görə narahatedicidir, XIX əsrin güclü dövlətlərinin konsertini xatırladır: “Biz burada görüşəcəyik, burada anlaşacağıq”.

Xatirə SADİQ