“Putin bunu Ukraynaya hücum edəndə bilməli idi ” - Kurt Uolker

“ABŞ administrasiyasının Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etmək icazəsi heç vaxt qəbul edilməməli olan siyasi qərarı ləğv edir”.

Nov 18, 2024 - 11:02
“Putin bunu Ukraynaya hücum edəndə bilməli idi ” - Kurt Uolker

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Ukrinform”a ABŞ-nin Ukrayna ilə danışıqlar üzrə keçmiş xüsusi nümayəndəsi, Avropa Siyasət Təhlili Mərkəzinin (CEPA) eksperti Kurt Uolker bildirib. 

O, qeyd edib ki, xarici təcavüzün qurbanı olduğundan Ukraynanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə üçün ayrılmaz hüququ mövcuddur.

Kurt Uolkerin sözlərinə görə, Rusiya Ukraynaya çox uzaq məsafədən hücum edərkən, ABŞ Kiyevə eyni məsafədən cavab zərbələri endirməsinə mane olub.

“Silahlı münaqişə qanunlarına görə, Ukrayna istənilən hərbi əhəmiyyətli hədəfə zərbə endirmək hüququna malikdir – o, sadəcə olaraq, mülki şəxsləri atəşə tutmaqdan çəkinməlidir. Beynəlxalq hüquqda cilahın istifadə diapozonu üzrə heç bir məhdudiyyət yoxdur. Ukraynanın Amerika silahlarından istifadə dairəsini məhdudlaşdırmaqla ABŞ əsassız olaraq Ukraynanın özünümüdafiəsinə birtərəfli məhdudiyyətlər qoyurdu, bu da beynəlxalq hüququn istənilən tələblərindən kənara çıxır. Ukraynanın özünümüdafiəsinə qoyulan bu lüzumsuz məhdudiyyət sadəcə olaraq götürülməli idi – və nöqtə”, - deyə Uolker vurğulayıb.

Onun fikrincə, silahların tətbiqi diapazonu ilə bağlı qərar tamamilə özbaşınalıq olub və hər hansı mənəvi-hüquqi mülahizələrə görə deyil, Rusiyanı “təxribat” etmək qorxusu ilə qəbul edilib.

Uolker əlavə edib ki, Putin Ukraynaya hücum etdiyini bilirdi və bunu edəndə bu qərarın hərbi nəticələrinə hazır olmalı idi.

“ABŞ-nin pis siyasətində dəyişiklik yaxşı xəbərdir”, - deyə ekspert əlavə edib.

Ekspert onu da diqqətə çatdırıb ki, belə dəyişiklik ictimaiyyətə açıqlanmamalıdır, çünki bu, Ukraynanın potensial zərbələri barədə Rusiyaya əvvəlcədən məlumat verir. 

Xatırladaq ki, “The New York Times” mənbələrə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden ilk dəfə Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verib. 

Xatirə SADİQ