Putin ölkəsinin təsirini sarsıdıb - “Bloomberg”
Putinin Ukraynadakı müharibəsi Rusiyanın keçmiş imperiyası üzərində olan təsirini sarsıdır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.
Agentlik qeyd edib ki, Qazaxıstan, Ermənistan və Azərbaycan kimi ölkələr əvvəllər Rusiyanın orbitində olublar. Lakin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlaması həmin respublikaları öz təhlükəsizliklərinə yenidən baxmağa məcbur edib.
Çünki Putin keçmiş imperiya ərazilərini geri almaq məqsədi və ya xaricdə yaşayan rusları “qorumaq” bəhanəsi ilə güc tətbiq etməyə hazır olduğuna açıq şəkildə eyham vurub. Kremldəki rəsmilər Moskvanın mövqelərinin zəifləməsindən narahat olana qədər isə digər iri dövlətlər bu oyuna fəal şəkildə daxil olurlar.
Agentlik buna nümunə olaraq Çin, ABŞ, Türkiyə və Avropa İttifaqının (Aİ) atdıqları addımlara diqqəti yönəldib.
Çin iqtisadi əlaqələri gücləndirir. Son iki ildə Çinin beş Mərkəzi Asiya respublikası ilə ticarət həcmi üç dəfə artıb. Çin Qazaxıstan və Özbəkistanın ən böyük ticarət tərəfdaşı kimi Rusiyanı geridə qoyub. Si Cinpinin səfəri zamanı 24 milyard dollarlıq müqavilə imzalayan Çin hazırda Qazaxıstanla üçüncü dəmir yolu xəttini çəkməyi planlaşdırır.
ABŞ də aktivləşib. ABŞ prezidenti sülh razılaşmasından sonra Azərbaycan və Ermənistan liderlərini Ağ Evə dəvət edib. ABŞ “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanan dəhlizi inkişaf etdirmək üçün müstəsna hüquqlar əldə edib. Bu marşrut Azərbaycanı Ermənistan vasitəsilə öz Naxçıvan anklavına birləşdirəcək.
Türkiyə həmçinin regionda açıq sərhədlər və nəqliyyat əlaqələrində imkanlar görür.
Agentlik qeyd edib ki, Rusiya, əlbəttə, Ukraynada müharibə başa çatdıqdan sonra öz hərbi resurslarını azad etməklə bu ölkələrdə nüfuzunu bərpa etməyə cəhd göstərə bilər. Ancaq indi Rusiyanın güclü rəqibləri meydana çıxıb.
Sözügedən ölkələrlə yanaşı, həm də Aİ beş Mərkəzi Asiya ölkəsi ilə strateji tərəfdaşlıq sazişi, o cümlədən nəqliyyat əlaqələrinin və enerjinin inkişafı üçün 12 milyard avroya qədər investisiya proqramı imzalayıb. Region ölkələri də Rusiyanın döyüş maşınına qarşı yönəlmiş sanksiyalardan yayınmaq üçün daha fəal mübarizə aparmağa razılaşıblar. Aİ region vasitəsilə Rusiyadan yan keçərək Çindən Türkiyəyə və oradan da Avropaya gedən ticarət marşrutlarını inkişaf etdirir.
Xatirə SADİQ