Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi rədd edildi

Avropa Parlamenti oktyabrın 9-da keçirilən plenar iclasında prezident Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasına etimadsızlıq səsverməsi ilə bağlı iki təklifi rədd edib.

Oct 9, 2025 - 15:00
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi rədd edildi

SAVASHMEDİA.az bu barədə “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir. 

Beləliklə, Avropa Parlamenti “Sol” və “Avropa üçün Vətənpərvərlər” siyasi qruplarının fon der Lyayenin istefası tələblərini dəstəkləməyib. 

Hər iki səsvermədə Avropa Parlamentinin 594 üzvü iştirak edib. “Sol” siyasi qrupun Avropa Komissiyasına etimadsızlıq səsverməsi təklifi lehinə 179, əleyhinə 378, bitərəf 37 səs toplayıb. İfrat sağçı “Avropa üçün Vətənpərvərlər” qrupunun təklifi lehinə 133, əleyhinə 383, bitərəf 78 səs toplayıb.

Bu o deməkdir ki, Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasının indiki tərkibi öz vəzifəsində qalacaq.

Xatırladaq ki, Avropa Parlamenti 10 iyul 2025-ci il tarixində Rumıniya ifrat sağçılarının təşəbbüsü ilə fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasına etimadsızlıq səsverməsini rədd etmişdi.

Xatirə SADİQ