Ukrayna kəşfiyyatı bunu da bacardı - "Şəxsi məlumatları əlimizdədir" + FOTOLAR

Ukrayna kəşfiyyatı Rusiya Federasiyasının strateji aviasiya sahəsində əsas müəssisələrindən biri olan Tupolev Konstruktor Bürosunun (KB) resurslarını sındırıb.

Jun 4, 2025 - 16:10
Ukrayna kəşfiyyatı bunu da bacardı - "Şəxsi məlumatları əlimizdədir" + FOTOLAR

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbə bildirib. 

Mənbənin sözlərinə görə, bu əməliyyat daxili xidməti yazışmalar, işçilərin şəxsi məlumatları, yaşayış ünvanları, mühəndislərin tərcümeyi-halı, satınalma sənədləri və qapalı iclasların protokolları daxil olmaqla məlumatların əldə edilməsi ilə nəticələnib. 

O, qeyd edib ki, Ukrayna kəşfiyyatı bir müddətdir müəssisənin sənəd dövriyyəsini izləyir və əldə edilən məlumatlar bilavasitə Rusiya strateji aviasiyasına xidmət göstərən şəxsləri müəyyənləşdirməyə imkan verir.

Əməliyyatın sonunda kibermütəxəssislər Tupolev KB-nin rəsmi saytında hücumun rəmzi olaraq çaynaqlarında rus təyyarəsi olan bayquş şəklini yerləşdiriblər.

“İndi Ukrayna kəşfiyyatı üçün faktiki olaraq Tupolev KB-nin fəaliyyətində gizli heç nə qalmayıb. Xüsusilə, Rusiya strateji aviasiyasına xidmətə bilavasitə cəlb olunmuş şəxslər haqqında hərtərəfli məlumat əldə etmişik. Nəticə, təbii ki, həm yerdə, həm də səmada nəzərə çarpacaq”, - deyə mənbə vurğulayıb. 

Xatirə SADİQ