“Putin Tramdan bunu gözləmirdi, onun indi 2 seçimi var" - AÇIQLAMA

“Avropa İttifaqı (Aİ) Donald Trampın Vladimir Putinə sanksiya ultimatumunu dəstəkləməlidir”.

Jan 23, 2025 - 09:37
“Putin Tramdan bunu gözləmirdi, onun indi 2 seçimi var" - AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bunu Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsbergis “X” platformasında yazıb. 

Landsbergis hesab edir ki, ABŞ prezidenti Donald Tramp ultimatum verməklə Putini çətin vəziyyətə salıb.

“Əminəm ki, Putin hadisələrin belə inkişaf edəcəyini gözləmirdi. İndi Putin seçim etməlidir – iqtisadiyyatı xarabalığa çevrildiyi üçün yeni sanksiyalardan qorxduğunu etiraf etməli və ya imperialist ambisiyalarının bu tələblərlə məhdudlaşmayacağını sübut etməlidir”, - deyə Litva Xarici İşlər Nazirliyinin (XİN) sabiq başçısı əlavə edib. 

Onun sözlərinə görə, ultimatum düzgün istiqamətdə atılan addımdır, lakin daha çox iş görülməlidir. 

Landsbergisin fikrincə, nəinki sanksiyalar tətbiq olunmalı, həm də Ukraynaya hərbi dəstək və təhlükəsizlik zəmanəti verilməlidir.

“Biz Qərbin gücünü Ukrayna tərəzisinə qoymalıyıq. Yeri gəlmişkən, Aİ nüfuzlu görünmək istəyirsə, heç olmasa Trampın sanksiyalarına dəstək elan edə bilər. Mən inanıram ki, indi hətta Orban da razılaşmaq məcburiyyətində qalacaq”, - deyə Landsbergis nəzərə çatdırıb. 

Yanvarın 22-də Donald Tramp bildirib ki, Ukraynada müharibəni dayandırmaq üçün saziş tezliklə bağlanmasa, onun  Rusiyanın ABŞ və başqa ölkələrə satdığı hər şeyə ağır vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa yolu qalmayacaq. 

Xatirə SADİQ