“Putin yırtıcıdır” - Ursula fon der Lyayen

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Rusiyanın Avropa üçün yaratdığı risklər barədə xəbərdarlıq edərək, şərq sərhədlərində təhlükəsizliyin vacibliyinə diqqəti cəlb edib.

Aug 29, 2025 - 17:13
“Putin yırtıcıdır” - Ursula fon der Lyayen

SAVASHMEDİA.az “The Guardian”a istinadən xəbər verir ki, bunu Riqaya səfəri zamanı AK prezidenti Latviyanın baş naziri Evika Siline ilə birgə mətbuat konfransında deyib. 

O, qeyd edib ki, yalnız şərq sərhədi təhlükəsiz olduğu təqdirdə Avropa təhlükəsizlikdə olacaq.

“Ölkənizin və digər Baltikyanı ölkələrin bizə xəbərdarlıq etdiyi risklər təəssüf ki, reallaşıb. Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi 4 ildir davam edir. Putin yırtıcıdır. Putinin nümayəndələri illərdir hibrid hücumlar, kiberhücumlarla bizim cəmityyətlərimizi hədəfə alır, miqrantlardan silah kimi istifadə isə daha bir nümunədir”, - deyə Ursula fon der Lyayen vurğulayıb.

Onun sözlərinə görə, bütün Avropa İttifaqı (Aİ) başa düşməlidir ki, “hazırlıq üzərində işləmək, artan risk və təhdidlərə cavab vermək mühümdür”. 

O, qeyd edib ki, bu, Aİ-yə üzv dövlətlər üçün maliyyə çevikliyinə də aiddir. Bu dövlətlər “öz müdafiəsinə sərmayə qoymalı” və bütün Avropa üzrə satınalmaların nəzərdən keçirilməsinin vacibliyini anlamalıdır.

Ursula fon der Lyayenin fikrincə, Aİ paralel olaraq Ukrayna silahlı qüvvələrini “potensial işğalçılar üçün həzm olunmayan polad oxlu kirpiyə” çevirmək və onları gücləndirmək üçün çalışmalıdır. 

Xatirə SADİQ