“Qadın əlbisəli Kubilius” – Kaladze ona OD PÜSKÜRDÜ
Tbilisi meri Kaxa Kaladze Almaniya xarici işlər nazirinin müavini Anna Lyurmanı “qadın əlbisəli Kubilius” adlandırıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, mer bunu xanım Lyurmanın indiki hökumət dövründə Gürcüstanın Avropa İttifaqına qəbulunu istisna etməsi barədə fikrinə münasibət bildirərkən deyib.
Görünür, Kaladze bununla alman nazir müavininin bəyanatının Avropa Parlamentinin Litvadan olan deputatı Andrius Kubiliusun kəskin tənqidi ilə oxşarlığına diqqəti cəlb etmək istəyib: “Mən bilmirəm, bu xanım kimdir... Qadın əlbisəli adi Kubilius. Bu, mənim ona qarşı indiki münasibətimdir”.
Qeyd edək ki, bu gün Lüksemburqda 27 Aİ ölkəsinin xarici işlər nazirlərinin görüşündən öncə Lyurmann deyib ki, onlar Avropa İttifaqına daxil olmaq yolunda Gürcüstanı açıq şəkildə dəstəkləyirlər, baxmayaraq ki, bu, Gürcüstanın hazırkı hökumətinə şamil edilmir.
Nazir müavini hesab edir ki, Gürcüstan hökuməti Aİ-yə gedən yolda əngəllər yaradır.
Almaniya XİN rəhbərinin müavininin bəyanatı Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni də qəzəbləndirib. O, bunu “xalqla hakimiyyət arasında bərabərlik nişanəsini pozmağa cəhd” kimi qiymətləndirib.
“Belə narrativ demokratik təcrübə ilə bir araya sığmır”, - Baş nazir əlavə edib.
Xatirə SADİQ